Accessibility links

Türkiyə Milli Müdafiə Nazirliyi: Türkiyə-Rusiya Monitorinq Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq


"Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq".

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalayıb.

“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və Saziş tamamlanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır,” Türkiyə Milli Müdadiə Nazirliyi bildirir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycanın nəzarətinə qaytarılıb. Çərşənbə axşamı isə Laçın rayonu qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

XS
SM
MD
LG