Accessibility links

Türkiyə əsgərlərinin öldürülməsi Moskva ilə Ankara arasında gərginliyi artırıb


Türkiyə ilə Rusiya arasındakı gərginlik iki türk əsgərinin Suriyada hava hücumu zamanı öldürülməsindən sonra arıb. Dəməşq hökumətini dəstəkləyən Moskva Ankaranı Suriyadakı terrorçuları dəstəkləməkdə günahlandırıb.

Türkiyə Müdafiə Nazirliyi bəyanatında Suriyanın İdlib vilayətində hava hücumu nəticəsində 5 nəfərin də yaralandığını deyib. Bəyanatda hücuma görə kimin məsuliyyət daşıdığı deyilməsə də, tank və artilleriya da daxil olmaqla, 50-dən Suriya rejimi hədəfinin dərhal nişan alındığı bildirilib.

Türkiyə prezidentinin kommunikasiya direktoru Fəxrəddin Altun isə birbaşa Dəməşqə işarə edib. "Sülhü bərqərar etmək və humanitar yardım əməliyyatlarına nəzarət etmək üçün İdlibdə olan Türkiyə əsgərləri Suriya rejiminin hücumları zamanı öldürülüb" - deyə, Altun Twitter səhifəsində yazıb.

Dəməşq məsələ ilə bağlı şərh verməyib. Lakin Rusiyanın Müdafiə Nazirliyi hərbi hava qüvvələrinin İdlibdə Dəməşq qüvvələrinin döyüş xəttini keçən Türkiyənin dəstəklədiyi üsyançılara qarşı hava hücumları həyata keçirdiyini deyib.

Nə Moskva, nə də Ankara cümə axşamı hava hücumlarının harada həyata keçirildiyi barədə məlumat verməyib.

Cümə axşamı Türkiyənin dəstəklədiyi üsyançı qüvvələr Dəməşq ordusunu uzaqlaşdırmaq üçün İdlibdə bir sıra hücumlar həyata keçirib. Türkiyə mediasının yaydığı məlumata görə, üsyançılar strateji M4 magistralındakı bir kəndi ələ keçirib.

Son bir neçə həftədir Türkiyə Dəməşq qüvvələrinin üsyançıların son istehkamını ələ keçirməməsi üçün İdlibə çox sayda əsgər və hərbi texnika göndərib.

XS
SM
MD
LG