Accessibility links

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvə göndərilməsi barədə qanun qəbul edib


Türkiyə Böyük Millət Məclisi

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun qəbul edib.

Sənəd parlamentin bu gün, noyabrın 17-də keçirilən iclasında müzakirə olunub. Bir gün əvvəl bu sənəd prezident Ərdoğan tərəfindən parlamentə təqdim edilib.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

"Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağla bağlı razılaşmaların texniki tərəfləri barədə danışıqlar aparılıb. Bu istiqamətdə müzakirələr davam edir."

Bu barədə çərşənbə axşamı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Akar Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan bir müddət sonra Türkiyə və Rusiyanın atəşkəs rejimini izləmək üçün моnitorinq mərkəzinin yaradılması barədə protokolu təsdiqlədiklərini xatırladıb.

“Bütün bu sənədlər gələcək addımların atılması lazım olan çərçivəni və bazanı təşkil edir. Bu yaxınlarda Rusiyadan Ankaraya bir hərbi heyət gəldi. Bu mövzuda səylər davam edir,” nazir qeyd edib.

Noyabrın 14-15-də Ankarada Türkiyə və Rusiya hərbi heyətlərinin danışılarından sonra Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri qaytarılması, regionda sülhə, sabitliyə, rifaha nail olunması üçün Türkiyə Müdafiə Nazirliyi prosesləri nəzarətdə saxlayır.

“Ehtiyac olacağı halda, Azərbaycana hər şəkildə dəstək verəcəyimizi bir daha bəyan edirik. Azərbaycanın savaşı bizim savaşımız, sevinci sevincimiz, kədəri kədərimizdir," Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Bu arada, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiya sülhməramlıları Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan tam təmizləyib.

“Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib. Bu gün saat 10-dan Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb,” Konaşenkov qeyd edib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan dekabrın 1-dək nəzarətində olan ərazilərindən hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytarmalıdır.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Razılaşmaya əsasən münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Rusiya və Türkiyə hərbiçilərindən ibarət Sülhməramlı Mərkəz yerləşdiriləcək. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Şərhlərə bax

XS
SM
MD
LG