Accessibility links

Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsini təsdiqlədi


Türkiyə parlamenti böyük səs çoxluğu ilə Liviyada hərbi qüvvələrin yerləşdirilməsinə icazə verən qanun qəbul edib. Bu addım Ankara ilə Tripoli arasında hərbi əməkdaşlığın genişlənməsinə yol açsa da, türk əsgərlərin yaxın günlərdə Liviyaya gələcəyi gözlənilmir.

Xaricə hərbi qüvvə göndərməyə meylsiz olan türk cəmiyyəti üçün mübahisəli qərar prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) və millətçi müttəfiqlərinin çoxluğunun olduğu parlamentdə 325-184 səslə qəbul edilib.

Məclisdəki böyük müxalifət partiyaları qanun layihəsinin əleyhinə səs verıb.

Bu yaxınlarda prezident Tayyib Ərdoğan Türkiyənin Liviyadakı Xəlifə Həftarı dəstəkləyən Rusiyaya məxsus muzdlulara qarşı səssiz qalmayacağını bildirmişdi. Belə ki, rəsmi Moskva Həftarın düşmənlərinə dəstək olaraq, Türkiyənin Liviyaya mümkün hərbi qoşun yeritməsindən narahatlığını dilə gətirmişdi.

Türkiyə Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Faiz Sərracın rəhbərliyini dəstəkləyib və tərəflər ötən ay hərbi əməkdaşlığı dərinləşdirə biləcək bir təhlükəsizlik sazişi imzalayıblar.

Reuters agentliyinin keçən ay ABŞ ekspertlərinin hesabatına istinadən bildirdiyinə görə, Sərracın Milli Saziş Hökuməti (GNA) Həftarın İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən dəstək almasından sonra Türkiyədən kömək istəyib.

XS
SM
MD
LG