Accessibility links

Türkiyə prezidenti nazirin istefasını qəbul etmədi


Türkiyə prezidenti həftəsonu daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib. Soylu minlərlə adamın alış-veriş üçün küçələrə axışmağına səbəb olan həftə sonu komendant saatının düzgün vaxtda elan edilməməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 31 şəhərdə 48 saatlıq komendant saatı cümə günü qüvvəyə minmədən iki saat əvvəl elan edilib. Minlərlə insan icbari üz maskaları taxmadan ərzaq ehtiyatı toplamaq üçün küçələrə axışıb.

Çox sayda insanın sosial distansiya gözləmədən alış-veriş üçün küçələrdə yaratdığı izdihamı göstərən görüntülər hökumətin koronavirusa qarşı mübarizə planlarının tənqidinə yol açıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin ən yüksək səviyyəli fiqurlarından biri olan daxili işlər naziri Süleyman Soylu bazar günü vəzifəsindən istefa verdiyi elan edərək bildirib ki, həftəsonu "komendant saatının elan edilməsi ilə bağlı qərara görə məsuliyyət bütünlüklə ona aiddir".

Lakin Ərdoğanın ofisi prezidentin onun istefasını qəbul etmədiyini və Soylunun "vəzifəsini davam etdirəcəyini" bildirib.

50 yaşlı Süleyman Soylu 2016-cı ilin avqustunda daxili işlər naziri təyin edilib. O, mərkəz-sağçı Demokrat Partiyasından çıxaraq, 2012-ci ildə Ərdoğanın Ədalət və İnkişaf Partiyasına qoşulub. O vaxtdan bəri o bəziləri tərəfindən Ərdoğanın potensial siyasi varisi və prezidentin kürəkəni, maliyyə naziri Berat Albayrakın rəqibi kimi dəyərləndirilməyə başlayıb.

XS
SM
MD
LG