Accessibility links

Türkiyə prezidentinin Füzuliyə səfərinə politoloqların baxışı


Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlib.

Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışında və Zəngilanda Türkiyənin dəstəyilə salınacaq “Ağıllı aqropark”ın təməlqoyma mərasimlərində iştirak edib.

Rəsmi məlumata görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub, cari regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Bir sıra ekspertlər hesab edir ki, Türkiyə prezidentinin səfəri Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılacağına bir mesajdır. Çünki Azərbaycan və Türkiyə prezidentləri Ermənistanla sərhədə qədər çatacaq Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub. Bu məsələnin isə noyabrda keçiriləcək Əliyev-Paşinyan-Putin görüşünün əsas mövzusu olacağı gözlənilir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri tək Füzuli hava limanının açılışı ilə məhdudlaşmayacaq.

“Hesab edirəm ki, Zəngəzur dəhlizi məsələsi artıq Rusiya prezidenti ilə də razılaşdırılıb. Çünki Rusiya prezidenti Vladimir Putin bu günlərdə açıq mesajla çıxış etdi ki, dəhliz məsələsini və səhəd məsələsini həll etmək lazımdır.”

Şahinoğlu hesab edir ki, prezident Ərdoğanın təyyarəsinin birbaşa Qarabağda inşa edilən hava limanında enməsi Türkiyənin Qarabağda möhkəmlənməsinə bir mesajdır.

“Füzulu hava limanı İranla sərhədlərə çox yaxındır. Bu, İrana da bir mesajdır. Çünki son zamanlar Azərbaycan-İran münasibətləri gərginləşmişdi. Azərbaycana qarşı hədələr səslənirdi. Hətta İran tərəfindən Türkiyə ilə iş birliyi hədəf götürülmüşdü. Amma İran rəsmiləri son günlər geri addım atdı. Anladılar ki, təkləndilər. Rusiya belə İrana dəstək vermədi. Türkiyə bölgədə, Azərbaycanda və Qarabağda möhkəmlənir. Bu üç amili artıq Rusiya da qəbul edir. İran bu amillə hesablaşmaq istəmirdi. Artıq son addımlardan hiss olunur ki, İran da Türkiyə amilini qəbul etməkdədir. Ərdoğanın Füzuliyə səfəri həm də İranın Azərbaycana qarşı təzyiqləri dayandırması üçün bir mesajdır,” o qeyd edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turan agentliyinə bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin ən vacib hissəsi Füzuli Beynəlxalq Hava Limanının açılışıdır:

“Qarabağda tikilən bu ilk beynəlxalq hava limanının açılışında Rəcəb Tayyip Ərdoğanın iştirakı məntiqlidir, belə də olmalıdır. Çünki bu gün Azərbaycan-Türkiyə münasibətləri sözün həqiqi mənasında bütün dünya ölkələri üçün nümunədir.”

Onun sözlərinə görə, iki ölkə prezidentinin görüşündə ikitərəfli münasibətlərlə yanaşı, həm də regionda baş verən proseslər, postmüharibə dövrünün yeni reallıqları fonunda həllini gözləyən məsələlər və onların həll olunmasında Türkiyənin yeri və rolu kimi məsələləri müzakirənin predmeti olacaq.

“Birmənalı söyləmək olar ki, Türkiyə bu günlər regionda çox ciddi faktordur. Müharibənin bitməsinin, eyni zamanda postmüharibə dövrünün reallıqları fonunda bu fikri söyləmək mümkündür. Bu gün Türkiyə Cənubi Qafqazda faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitinin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir.”

Deputat qeyd edib ki, müzakirə olunan məsələlərin sırasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər var.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG