Accessibility links

Türkiyə Prezidenti Qətərə iki günlük səfərə başlayır


Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bazar ertəsi yaxın müttəfiqi Qətərə iki günlük səfərə başlayır. İki ölkə liderləri arasında keçiriləcək görüş zamanı Əfqanıstan və Türkiyənin böhranlı iqtisadiyyatına iqtisadi dəstək məsələlərinin gündəmdə olacağı gözlənilir.

Türkiyə və Qətər rəsmiləri Prezident Rəcəp Tayyib Ərdoğanın Qətərə iki günlük səfərinin ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıdığını bildirib.

Ərdoğan çərşənbə axşamı Dohada keçiriləcək Türkiyə-Qətər Ali Strateji Komitəsinin iclasına Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə birlikdə sədrlik edəcək. Türkiyənin Qətərdəki keçmiş səfiri Mithat Rendenin deyinə görə, iki lider arasında əlaqələr qarşılıqlı maraqlar əsasında qurulub.

“Türkiyə-Qətər münasibətləri hər iki ölkə üçün vacibdir. Belə ki, Qətər silahlı qüvvələrinin modernləşdirilməsi və silahlı qüvvələrinə Türkiyə tərəfindən təlim verilməsi kimi əməkdaşlıq qətərlilər üçün bir növ təhlükəsizliyin təmin edilməsidir. Bu da öz növbəsində Türkiyənin xeyrinədir, çünki Qətər də Türkiyəyə böyük sərmayə qoyub” - deyə, Rende bildirib.

Qətərdə Türkiyə hərbi bazasının tikintisi iki ölkə arasında təhlükəsizlik əlaqələrini daha da möhkəmləndirib. Təhlilçilər deyirlər ki, bu cür dəstək Doha üçün bəzən Səudiyyə Ərəbistanının göstərdiyi təzyiqlərə müqavimət göstərmək üçün çox vacibdir. 2017-ci ildə Ər-Riyad Qətərə qarşı dörd il blokada tətbiq edib.

Ərdoğanın Qətərə səfəri Türkiyənin ciddi iqtisadi gərginliklə üzləşdiyi və Türkiyə liderinin enerji ilə zəngin əmirlikdən maliyyə dəstəyi istəyəcəyinin gözləndiyi vaxta təsadüf edir.

Bu il beynəlxalq sərmayəçilərin Ərdoğanın qeyri-adi iqtisadi siyasətindən qaçması səbəbindən türk valyutası dəyərinin təxminən 50%-ni itirib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bazar ertəsi Dohada çıxış edərək, Türkiyənin Qətərdən konkret məbləğ deyil, ümumi iqtisadi əlaqələri yaxşılaşdırmaq istədiyini deyib.

Ankaranın ənənəvi Qərb müttəfiqləri ilə münasibətlərinin pisləşdiyi bir vaxt Qətər Türkiyəyə sadiq müttəfiq olaraq qalır.

Hər iki ölkənin məqsədləri oxşardır və bu səfər zamanı liderlər onları genişləndirməyə çalışacaq.

XS
SM
MD
LG