Accessibility links

Ankaranın Mərkəzi Asiyada nüfuzunu artırmaq səyləri - Ekspert rəyləri


Türkiyə və Azərbaycan bazar ertəsi genişmiqyaslı birgə hərbi təlimlərə başlayaraq, əlaqələri dərinləşdirməyə davam edir. Bu güc nümayişi bəzi təhlilçilərin Ankaranın xarici siyasət kursunun Yaxın Şərqdən Mərkəzi Asiya istiqamətinə yönələ biləcəyini dediyi bir vaxta təsadüf edir.

12 günlük hərbi təlimlərdə tank bölmələri, hərbi hava birləşmələri və "xüsusi təyinatlı" qüvvələr iştirak edir. Təlimlərdə Türkiyədə istehsal olunan silahların da əsas rol oynayacağı gözlənilir.

Türkiyə istehsalı olan pilotsuz təyyarələr oktyabr ayında Azərbaycanın Dağlıq Qarabağda erməni qüvvələrini məğlub etməsində həlledici rol oynayıb.

Azərbaycanın qələbəsi Türkiyə üçün strateji qələbə kimi qiymətləndirilir. "Türkiyə Azərərbaycan ordusuna çox böyük sərmayə qoydu. Ölkələr yaxın etnik əlaqələrə malikdirlər və münasibətlərini “bir millət, iki dövlət” olaraq təyin edirlər" - deyə, İstanbulun Kadir Has Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Serhat Güvənç bildirir.

Azərbaycanın müharibədə sürəti və qətiyyəti uğuru Türkiyənin Qafqazda nüfuzunu artıraraq, Ankara ilə Bakı arasında sıx əlaqələri daha da möhkəmləndirdi.

"Türkiyə Qafqazdakı nüfuzunu genişləndirir; gələcəkdə bu, daha da genişlənəcək" - deyə, Ankaradakı Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyin Bağcı bildirir.

Bağçı Ankaranın xarici siyasətində dəyişikliyə hazırırlaşdığını bildirib. "Türkiyə artıq İslam və Yaxın Şərqə istiqamət kartını oynamır, əksinə, o, daha millətçi, Türk millətçiliyini nümayiş etdirir", o deyib.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan ənənəvi olaraq qlobal səviyyədə müsəlmanların hüquqlarının, xüsusən də fələstinlilərin müdafiəçisi kimi göstərib. Ankara eyni zamanda özünü Yaxın Şərqdə Müsəlman Qardaşlarının və ABŞ və Avropa İrttifaqı tərəfindən terror təşkilatı olaraq tanınan Həmasın güclü dəstəkçisi olub.

Rəcəp Tayyib Ərdoğan Həmas lideri İsmayıl Haniyeh ilə
Rəcəp Tayyib Ərdoğan Həmas lideri İsmayıl Haniyeh ilə

İsrailin tərəfindən qəzəb və Vaşinqton tərəfindən təəssüflə qarşılanmasına baxmayaraq, Həmas müntəzəm olaraq Türkiyədə görüşlər keçirir və Ankara qrupun liderlərini qəbul edir. Bu cür addımlar ənənəvi olaraq Ərdoğanın dindarlar arasında nüfuzunu artırır.

Lakin təhlilçilər Ankaranın ABŞ-ın vasitəçiliyi ilə keçən il İsraillə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında əlaqələrinin normallaşmasına yönəlmiş razılaşmaya imza atması və Sudanın da bu razılaşmaya qoşula biləcəyindən narahat olduğunu deyir.

Türkiyənin yaxın müttəfiqi olan Qətər də daxil olmaqla, digər ərəb ölkələrinin razılaşmaya qoşulmağa hazır olması ilə Bağcının sözlərinə görə, Ankarada Türkiyənin Yaxın Şərqdə artan təcridlə qarşılaşdığını başa düşürlər.

Lakin digər təhlilçilər Türkiyənin Yaxın Şərqdən uzaqlaşaraq, Mərkəzi Asiyada türk dövlətlərinə üz tutması məsələrinə ehtiyatla yanaşır. "Bunu demək hələ tezdir, ancaq bəzi işarələr var" - deyə, Güvənc bildirir.

"Bu, bölgəni öz təsir dairəsi hesab edən Rusiyanın xoşuna gəlməyəcək. Türkiyə Mərkəzi Asiyada Rusiya ilə nüfuzu uğrundakı mübarizəni uduzub. Çinlilər də həmin regionda nüfuzunu artırır" - deyə, o bildirib.

Rusiya Türkiyənin Mərkəzi Asiyada nüfuzunu gücləndirməklə bağlı əvvəlki səylərinin qarşısını alıb. Lakin Almaniyanın Bonn Universitetində Rusiya və Mərkəzi Asiya üzrə təhlilçi Zaur Qasımov Ankaranın daha güclü tərəflərinin olduğunu iddia edir.

"1990-cı və 2000-ci illərlə müqayisədə Türkiyə bu gün iqtisadiyyatı və miqrasiya siyasətindən istifadə etməklə, Rusiya kimi Mərkəzi Asiya respublikalarına daha çox təsir gücünə malikdir" - deyə, Zaur Qasımov bildirir.

Türkiyə iqtisadi və mədəni əlaqələrin inkişafına və gücləndirilməsinə yardım edərək, Mərkəzi Asiya dövlətlərindən çox sayda miqrant işçiyə ev sahibliyi edir.

Türkiyənin Mərkəzi Asiyada artan mövcudluğu Rusiyanın nüfuzunu azaltmaq üçün bölgədə müsbət qarşılana bilər.

XS
SM
MD
LG