Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər açıqlanıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur.
Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.
Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nağd pul və sair) təqdim etməlidir.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
DMX rəisi bildirib ki, quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkədə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.