Accessibility links

Türkiyə Sputnik V peyvəndinin təcili istifadəsini təsdiqləyib


Türkiyənin Əczaçılıq və Tibbi Cihaz Agentliyi Rusiyada istehsal olunan Sputnik V COVID-19 peyvəndini təcili istifadə üçün təsdiqləyib. Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Koca Twitter-də bildirib ki, "“Türkiyənin Əczaçılıq və Tibbi Cihaz Agentliyimiz apardığı araşdırma və qiymətləndirmə nəticəsində Sputnik V peyvəndinin təcili istifadəsini təsdiqləyib. Hər iki ölkəyə uğurlar arzulayıram. Beləliklə, Sputnik V üçüncü peyvənd kimi ölkəmizdə istifadə ediləcək".

Koca əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə 50 milyon doza Sputnik V peyvəndi üçün müqavilə imzalayıb. O, peyvəndlərin ilk partiyasının bu ay gələcəyini gözləndiyini deyib.

Koca həmçinin BioNTech peyvəndinin 1 milyon dozasının may ayında gələcəyini bildirib.

Digər tərəfdən Fahrettin Koca xatırladıb ki, BioNTech peyvəndinin 30 milyon dozasının iyun ayında göndərilməsinə dair müqavilə mövcuddur. Hazırda isə ölkədə ümumi olaraq 6 milyon BioNTech ve Sinovac peyvəndləri var.

Prezident Rəcəb Tayyib Ərdoğan da Türkiyədəki peyvənd ehtiyatları ilə əlaqədar açıqlamalar verib. O jurnalistin "Yetərli qədər vaksin gələcəkmi?" sualına cavab olaraq deyib ki, hazırda Türkiyənin əlində yetərli sayda koronavirus vaksini var. Və onun ölkədə yayılması məsələsində problemlər olmayacaq. Ərdoğan eləcə də daha çox peyvənd tədarükü mövzusunda Rusiya və Çin liderləri ilə müzakirə aparacağını bildirib.

XS
SM
MD
LG