Accessibility links

Türkiyə və ABŞ Suriyada birgə əməliyyat mərkəzi yaradacaq


ABŞ və Türkiyə əsgərləri Mənbicdə birgə patrulun detallarını müzakirə edir, 1 noyabr, 2018.
ABŞ və Türkiyə əsgərləri Mənbicdə birgə patrulun detallarını müzakirə edir, 1 noyabr, 2018.

Türkiyə və Birləşmiş Ştatlar Suriyanın şimalında planlaşdırılmış təhlükəsizlik zonasında əməliyyatların koordinasiya və onlara nəzarət edilməsi məqsədilə birgə əməliyyat mərkəzi yaratmaq haqda razılıq əldə edib.

Ankarada üç gün sürən danışıqlardan sonra iki ölkə Suriyanın şimalında Türkiyə ilə sərhəddə təhlükəsizlik zonasının “sülh dəhlizi” olacağını və müharibə nəticəsində məcburi köçkün olmuş suriyalıların vətənlərinə qayıtması üçün bütün səylərin göstəriləcəyini bildirib.

Razılığın əldə edildiyi həm Türkiyənin Müdafiə Nazirliyi, həm də ABŞ-ın Ankaradakı səfirliyinin ayrı-ayrı verdiyi bəyanatlarda açıqlanıb.

Bəyanatların heç birində Vaşinqton və Ankara arasında əsas fikir ayrılığına səbəb olan məsələlərin həll edilib-edilmədiyi ilə bağlı bir söz deyilmir. Bu da təhlükəsizlik zonasının Suriyanın daxilində nə qədər uzanması və ərazidə patrul edən qüvvələrə kimin komandanlıq etməsi məsələləridir.

Razılığın əldə edilməsindən sonra Ankara və Vaşinqtonun təhlükəsizlik zonası ilə əlaqədar razılıq əldə etmədiyi halda, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlara görə dəyərini itirmiş lirənin dəyərinin artdığı müşahidə edilib.

NATO üzrə müttəfiqlər olan Türkiyə və Birləşmiş Ştatlar İslam Dövləti qrupuna qarşı ABŞ hərbi qüvvələri ilə yanaşı döyüşən kürd YPG qüvvələrinin mövcudluğuna görə aylardır təhlükəsizlik zonasının miqyası və zonaya nəzarət məsələləri ilə əlaqədar fikir ayrılıqlarını həll edə bilmirdi. Ankara YPG-ni ölkənin təhlükəsiziyinə hədə təşkil edən terrorçu qrup hesab edir.

Suriyada təklif edilən təhlükəsizlik zonaları
Suriyada təklif edilən təhlükəsizlik zonaları

Ankara Vaşinqtonu Suriyanın şimal-şərq sərhəddi boyu yüz kilometrlə uzanacaq təhlükəsizlik zonasının yaradılması məsələsini dayandırmaqda ittiham edib və Birləşmiş Ştatlardan YPG ilə əlaqələri kəsməyi tələb edib.

Türkiyənin müdafiə naziri Hülusi Akar bundan öncə Birləşmiş Ştatların mövqeyinin Türkiyənin Suriyanın şimal-şərqində təklif olunan təhlükəsizlik zonası ilə bağlı mövqeyinə yaxınlaşdığını bildirib və Türkiyənin ərazidə hərbi qüvvə yerləşdirilməsi planlarının başa çatdığını əlavə edib.

“Bizim planlarımız, hazırlıqlarımız və əraziyə ordu göndərməyimiz başa çatıb. Lakin biz dostumuz və müttəfiqimiz Birləşmiş Ştatlarla birlikdə hərəkət etmək istədiyimizi söyləmişik” -deyə, Ankarada çıxış edən Akar bildirib.

XS
SM
MD
LG