Accessibility links

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə monitorinq mərkəzinin yaradılmasını müzakirə edir


Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin 20 nəfərlik nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

“Türkiyə və Rusiyanın yüksək hərbi vəzifəlilərindən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər və Suriyadakı, xüsusilə İdlibdəki vəziyyət müzakirə mövzusu olub. Bu gün, noyabrın 13-də davam etdirilən texniki danışıqlar zamanı atəşkəsdən sonra bölgədə görüləcək işlərin detalları müzakirə edilib," Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Danışıqlar noyabrın 14-də də davam etdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirir ki, bu gün Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı iki ölkənin nümayəndələri arasında Ankarada keçirilən danışıqlar başa çatıb, danışıqların yaxın günlərdə yenidən davam etdirilməsi planlaşdırılır.

"Dağlıq Qarabağda noyabrın 10-da gecə yarısından əldə edilən atəşkəs razılaşması ilə Ermənistan işğalına son qoyulub, Azərbaycan öz torpaqlarının ərazi bütövlüyünə nail olub. 11 noyabrda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəzlə bağlı Türkiyə və Rusiya müdafiə nazirləri memorandum imzalayıblar. Bu memorandumun şərtləri çərçivəsində Rusiya və Türkiyə hərbi heyətinin dünəndən başlayan görüşləri bu gün də davam etməkdədir. Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri qaytarılması, regionda sülhə, sabitliyə, rifaha nail olunması üçün Türkiyə Müdafiə Nazirliyi prosesləri nəzarətdə saxlayır. Ehtiyac olacağı halda, Azərbaycana hər şəkildə dəstək verəcəyimizi bir daha bəyan edirik. Azərbaycanın savaşı bizim savaşımız, sevinci sevincimiz, kədəri kədərimizdir," Türkiyə Milli Müdafiə Nazirliynin məlumatında qeyd edilir.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə noyabrın 14-də keçirdiyi brifinqdə bildirib ki, Dağlıq Qarabağda əldə edilmiş atəşkəs razılaşmasına təmas xətti boyunca əməl olunur.

O, indiyədək tərəflər arasındakı təmas xətti boyu sülhməramlı əməliyyat çərçivəsində qurduqları 12 post vasitəsilə vəziyyətin 24 saat müşahidəsini həyata keçirdiklərini deyib.

Konaşenkovun sözlərinə görə, noyabrın 14-dən etibarən Rusiya hərbi polisi Dağlıq Qarabağda keşik çəkməyə başlayacaq.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi həmçinin deyib ki, Şuşa yaxınlığında Rusiya sülhməramlılarının dəstəyi ilə həlak olmuş hərbçilərin cəsədlərinin təhvilinə başlanılıb.

XS
SM
MD
LG