Accessibility links

Türkiyə və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağda sülh və sabitlikdən danışıb


Sergey Lavrov və Mövlud Çavuşoğlu

Bu gün, dekabrın 29-da Rusiyanın Soçi şəhərində keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısından sonrakı mətbuat konfransında Rusiya və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağdakı son durumdan danışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyənin öhdəliklərin yerinə yetirilməsinə dəstəyini alqışlayır.

“Ankaranın münaqişə tərəflərinə, o cümlədən Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən noybrın 9-da imzalanan razılaşmalar çərçivəsində, eləcə də atəşkəs öhdəliklərinin icrasına nəzarət üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzi çərçivəsində öz öhdəliklərini yerinə yetirməsində yardım etmək səylərini alqışlayırıq,” nazir Lavrov qeyd edib.

Rusiya xarici işlər naziri hazırda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin aktiv şəkildə yerləşdirilməsi prosesinin getdiyini deyib.

“Ümumi fikirimiz budur ki, Dağlıq Qarabağdakı vəziyyətdən kimin tərəfindən istifadə olunmasından asılı olmayaraq, əcnəbi muzdluların regiona daxil olması üçün istifadə edilməməlidir. Bu məsələdə tam eyni fikirdəyik,” o qeyd edib. .

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xatırladıb ki, hazırda Qarabağda atəşkəs yaranıb.

“İndi Rusiya sülhməramlıları meydandadır. Ortaq monitorinq mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır," Çavuşoğlu deyib.

Türkiyə xarici işlər naziri hesab edir ki, altılıq formatında bütün imkanları səfərbər etmək lazımdır. Burada Çavuşoğlu Türkiyə, İran, Rusiya, Azərbaycan, Grücüstan və Ermənistanı nəzərdə tutur.

“Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik."

Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini vurğulayıb.

"Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, monitorinq mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın. Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar,” o qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Rəsmi məlumatlara görə, Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdam şəhərində qurulur və yanvarın əvvəllərində fəaliyyətə başlayacaq.

Şərhlərə bax

XS
SM
MD
LG