Türkiyənin daxili işlər nazirinin bildirdiyinə görə, axtarış və xilasetmə dəstələri ölkənin şərqindəki göldə batan təxminən 60 miqrantı daşıyan qayığı aşkar edib.
İyunun 27-də Van gölündə miqrantları daşıyan gəminin itkin düşməsindən sonra rəsmilər vertolyot və qayıqlarla axtarış-xilasetmə əməliyyatına başlamışdı.
Daxili işlər naziri Süleyman Soylu çərşənbə günü jurnalistlərə xilasetmə işçiləriin indiyə qədər 6 cəsəd aşkar etdiyini deyib. Soylu fırtınalı havada batarkən gəmidə 55-lə 60 arasında miqrantın olduğunun guman edildiyini bildirib. O, xilasetmə əməliyyatına nəzarət etmək üçün Van gölünə getdiyini bildirib.
Soylu gəminin 110-120 metr dərinlikdə batdığına inanıldığını, lakin batdığı yerin dəqiq müəyyənləşdirilmədiyini deyib. O, hadisə ilə əlaqədar 11 nəfərin həbs edildiyini və hadisə barədə məlumat verməyi gecikdirdiyinə görə kəndin idarə başçısının vəzifəsindən uzaqlaşdırıldığını bildirib.
Van gölü İranla sərhəd bölgəsində yerləşdiyi üçün çox sayda miqrnt bu göldən keçməyə cəhd edir. HaberTurk televiziyası miqrantların Pakistan, Əfqanıstan və İrandan olduğuna inanıldığını bildirir.