Accessibility links

İzmirdəki dağıntılar altından iki uşaq sağ çıxıb


Türkiyənin xilasetmə dəstələri mərkəzi Egey dənizində olan, Türkiyə və Yunanıstanı sarsıdan güclü zəlzələdən üç gün sonra iki qız uşağını dağılmış yaşayış binalarının altından sağ çıxarıb.

On dörd yaşlı İdil Şirin dağıntılar altında təxminən 58 saat qaldıqdan sonra çıxarılıb. Bundan 7 saat sonra isə xilasedicilər anası və iki bacısı iki gün əvvəl xilas edilən 3 yaşlı Elif Pərinceki çıxarıb.

Anadolu dövlət xəbər agentliyinin bildirdiyinə görə, çökən binanın dağıntıları altında 65 saat qalan uşaq xilas edilənlərin 106-sı olub.

Türkiyənin İzmir şəhərində binaların dağılması və Yunanıstanda ən azı iki adada yüksək dalğaların yaranmasına səbəb olan zəlzələ nəticəsində azı 85 nəfər həyatını itirib, minə yaxın insan yaralanıb.

ABŞ Geoloji Tədqiqat Mərkəzi zəlzələni 7.0, İstanbulun Kandilli İnstitutu və Türkiyənin Fövqəladə Hallar İdarəsi 6.9 və 6.6 bal gücündə olduğunu bildirib.

Çox sayda ölümlə nəticələnən zəlzələnin episentrinin Türkiyə ilə Yunanıstanı ayıran Egey dənizinin Yunanıstanın Samos adasının sahillərində olduğu bildirilir. Zəlzələdən sonra yüzlərlə yeraltı təkan qeydə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü axşam İzmirə səfər edib və hökumətin evlərini itirən şəxslərin müvəqqəti mənzil və kirayə ilə təmin edilməsinə kömək edəcəyini və yeni binaların inşasına başlanılacağını vəd edib.

Zəlzələdən bir neçə saat sonra Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis çox nadir hallarda olaraq, başsağlığı bildirmək üçün Türkiyə prezidentinə zəng edib.

"Fərqlərimiz nə olursa olsun, insanlar indi birlikdə dayanmalıdır", Mitsotakis Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG