İstanbul prokurorları rəsmi Ankaranın 2016-cı ildə baş verən çevriliş cəhdini təşkil etməkdə günahlandırdığı şəbəkə ilə əlaqələri olmaqda şübhəli bilinən 210 hərbi personalın həbsinə göstəriş verib. Bu barədə cümə günü İstanbulun baş prokurorluğu xəbər verib.
Onların bildirdiyinə görə, hava, dəniz və quru qüvvələri, habelə jandarma və sahil təhlükəsizlik xidmətindən olan şübhəlilər arasında beş polkovnik, 7 podpolkovnik, 14 mayor və 33 kapitan var.
Onlar ABŞ-da yaşayan müsəlman ruhani Fəthullah Güləni dəstəkləməkdə şübhəli bilinir. Türkiyə rəsmiləri Güləni üç il öncə çevriliş cəhdini təşkil etməkdə ittiham edir. Gülən çevrilişdə hər hansı rolunun olduğunu inkar edib.
O zamandan bəri 77 mindən çox insan həbs olunub, lakin mühakimə olunmayıb. Ölkə boyu həbslər isə hələ də davam edir. Rəsmilər 150 min dövlət qulluqçusunu və hərbi personalı işdən çıxarıb.
Prokurorluq ordu daxilində hələ ki, kimlikləri bilinməyən Gülən tərəfdarlarının sayının çevriliş cəhdində iştirak edənlərdən daha çox olduğunu və şəbəkənin Türkiyədəki konsitusiya qaydalarına hədə olduğunu düşündüyünü bildirib
Türkiyə Gülən şəbəkəsinin ölkənin ordusu, ədliyyə xidməti və dövlət idarələrinə sızdığını bildirir.
Ankaranın Qərb müttəfiqləri təqibləri qınayıb. Ərdoğanın tənqidçiləri onu çevriliş cəhdindən müxalif səsləri boğmaq üçün istifadə etməkdə ittiham edib. Türkiyə rəsmiləri bu tədbirlərin milli təhlükəsizliyə hədələrə qarşı mübarizə aparmaq üçün mühüm olduğunu deyir.
Çevriliş cəhdi nəticəsində təxminən 250 nəfər öldürülüb. Prezident Tayyib Ərdoğanın keçmiş müttəfiqi Gülən 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatında sığınacaqda yaşayır.
Bundan əlavə, dövlətə məxsus Anadolu agentliyi Ankaranın baş prokurorunun da şəbəkənin üzvü olmaqda şübhəli bilinən 41 nəfərin həbsinə dair göstəriş verdiyini bildirib. Onlar şəbəkə üzvlərinə polis qüvvələrinə daxil olmağa yardım etmək məqsədilə 2009-cu ildə polis akademiyasına qəbul imtahanın suallarına cavabları əldə etməkdə şübhəli bilinir.