Accessibility links

Türkiyədə jurnalist dövlət sirrlərini açıqlamaq ittihamı ilə həbs olunub


Türkiyə məhkəməsi onlayn xəbər portalının tanınmış müxalifətçi jurnalistini həbs edib. Vəkilinin cümə günü bildirdiyinə görə, jurnalistin yazdığı iki məqalədə Ankaranın Liviyaya hərbi müdaxiləsi ilə bağlı dövlət sirrlərini açıqlamaq ittihamları üzrə məhkəməsi davam edir.

OdaTV onlayn xəbər portalının Ankara şöbəsinin redaktoru Müyesser Yıldız bazar ertəsi polis tərəfindən saxlanılıb və cümə axşamı dindiriləndən sonra rəsmi olaraq həbs edilib.

O, dekabr ayında hansı Türkiyə komandirlərinin Türkiyənin dəstəklədiyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Razılıq Hökümətinin baş naziri Fayez əl Sərraca qarşı döyüşən Liviya Milli Ordunun komandiri Xəlifə Həftarla görüşdüyünü sual edən məqalə dərc etmişdi.

Yanvar ayında dərc olunan ikinci məqalədə isə Türkiyənin Liviyaya müdaxiləsinə nəzarət etmək üçün oraya göndərilən ordu zabiti ilə bağlı detallar yer almışdı.

Yıldız ilk öncə casusluq ittihamları ilə saxlanılıb, lakin daha sonra dövlət dövlət sirrlərini açıqlamaqda ittiham olunub. Bu barədə vəkil Erhan Tokatlı Reuters-ə bildirib.

“Əgər məqalələr ölkənin təhlükəsizliyinə bu qədər təhlükə yaradırsa, onlar məqalələrə çıxışı blok etməli idilər,” vəkil deyib.

Dövlətə məxsus Anadolu xəbər agentliyi bildirib ki, Yıldızla birlikdə saxlanılan və dindirilən TELE1 kanalının nümayəndəsi İsmail Dukel sərbəst buraxılıb. Agentlik onlarla birlikdə saxlanılan ordu serjantının da həbs olunduğunu bildirsə də, təfərrüatları paylaşmayıb.

Onlayn xəbər agentliyi OdaTV prezident Rəcəb Tayyib Ərdoğan hökümətini tənqid edir. Türkiyə jurnalistlərin ən çox həbs olunduğu ölkələr arasındadır.

Sərhədsiz Reportyorlar (RSF) təşkilatının nümayəndəsi Erol Önderoğlu deyib ki, bu cür hallar Türkiyənin beynəlxalq imicinə ziyan vurur və jurnalistlərin həbsi tənqidi səsləri boğmaq məqsədi daşıyır.

“Dünyada jurnalistlərin ən çox həbs olunduğu ölkələrdən biri olan Türkiyə tənqidlə, şəffaflıqla və açıq cəmiyyət dəyərlərini qəbul etməlidir,” o deyir.

Tənqidçilər deyir ki, Ərdoğan 2016-cı ildə baş tutmayan çevriliş cəhdindən istifadə edərək tənqidi səsləri boğmağa, hakimiyyətini gücləndirmək üçün bəhanə kimi istifadə edir. Ankara isə bu ittihamı rədd edir. Onlar bu tədbirlərin milli təhlükəsizliyi qorumaq üçün zəruri olduğunu deyir.

XS
SM
MD
LG