Türkiyədə müəmmalı şəraitdə ölü tapılan gənc ictimai fəal Bayram Məmmədov bu gün, mayın 9-da Bakıda dəfn edilib.
Gənc fəalın Türkiyədə ölməsi barədə mayın 5-də xəbər yayılıb. Türkiyə polisi onun cəsədinin İstanbulda dənizdən tapıldığını bildirib.
Bayram Məmmədovun cəsədi Türkiyə istintaq orqanı tərəfindən ekspertiza edildikdən sonra ailəsinə verilib.
Məmmədovun yaxınları bildirib ki, Türkiyə polisi Bayram Məmmədovun ölümünü "şübhəli ölüm" kimi qeydə alıb və istintaq davam etdirilir.
Məmmədov Azərbaycanda siyasi məhbus kimi tanınan fəallardandır.
Belə ki, Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs edilib.
Hər iki gənc fəal həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıb.