Ailəsini Türkiyənin cənubunda baş verən meşə yanğınları səbəbilə qırx ildir yaşadıqları evdən qaçıran Mehmet Dmir şənbə günü bölgəyə geri dönüb və evinin, əşyalarının yanıb külə döndüyünü görüb.
Son illərdə regionda baş verən ən dəhşətli meşə yanğını nəticəsində evdə təkcə yataq yayları, nərdivan və metal stullar və bəzi metal mətbəx ləvazimatlarını tanımaq mümkün olub. Çərşənbə günü başlayan yanğınlar bəzi yerlərdə hələ də davam edir.
Demirin Aralıq Dənizinin sahilində yerləşən Manavqat və populyar turist şəhəri Antalya şəhərlərinə yaxın yerdə yerləşən evi bu həftə Türkiyənin cənub və qərbində baş verən 100-ə yaxın yanğından birinin təsirinə məruz qalıb. Şiddətli istilər və güclü küləklər alovların yayılmasına səbəb olub.
“Alov təpəliklərə yayıldı və birdən şiddətlənməyə başladı,” deyə, Demir 1982-ci ildə tikilən evinin qalıqlarına baxarkən Reuters-ə bildirib. Biz Manavqatın mərkəzinə qaçdıq. Sonra gəlib evimizi bu vəziyyətdə tapdıq,” o deyib.
Yanğınlar səbəbilə ölənlərin sayı şənbə günü altıya çatıb. Rəsmilərin dediyinə görə, onlardan ikisi Manavqatda yanğını nəzarət altına almaq səylərinə yardım edən iki yanğınsöndürəndir. Minlərlə insan evlərindən evakuasiya olunub.
Antalya və Mersin şəhərlərindəki yanğınların tüstüsü 150 kilometr uzaqda yerləşən Kipr adasına çatıb.
Şənbə günü Egey dənizində məşhur kurort şəhəri olan Bodrumda yeni yanğın başlayıb. Ərazidəki bəzi yaşayış əraziləri və otellər təxliyə edilib.
Türkiyədə yay aylarında meşə yanğınları tez-tez baş versə də, rəsmilər bu dəfə alovların daha böyük ərazini əhate etdiyini deyirlər.
Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli deyib ki, son dörd gündə ümumilikdə 101 yanğın baş verib və onların 91 artıq cilovlanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü Manavqata ziyarəti zamanı deyib ki, ziyan vurulan bütün evlər yenidən tikiləcək, itkilər kompensiyay olunacaq. O əlavə edib ki, Azərbaycan, Rusiya, Ukrayna və İran yanğınların təsirinə məruz qalan ərazilərə yanğınsöndürmə təyyarələri və dəstək komandaları göndəriblər.