Türkiyədə minlərlə yanğınsöndürən artıq beşinci gündür ölkənin əsas turistik məkanlarına təhlükə yaradan meşə yanğınlarını söndürməyə çalışırlar. Yanğın nəticəsində artıq altı nəfər həyatını itirib.
Türkiyənin Marmaris regionunda gecə yarısı yanğından qaçmağa çalışan bir ailənin uşağının “yanğın, yanğın” deyə qışqırdığını göstərən video Türkiyədə geniş şəkildə yayılaraq viral olub.
Yanğınsöndürənlər helikopterlərin dəstəyi ilə Avropanın ən tanınmış turisrik məkanlarından olan Türkiyənin Aralıq və Egey dənizi regionlarında yanğınlarla mübarizə aparırlar. Rekord hava temperaturu və güclü quru küləklər yanğınsöndürmə səylərini çətinləşdirir. Rəsmilər kurort zonaların bəziləri üçün təxliyyə göstərişi verib. Türkiyədə yanğının ən çox təsirinə məruz qalan yerlərindən biri də Bodrumdur. Bodrum sakini Melis Birder bazar günü Amerikanın Səsinə danışıb.
“Mən özümü çox pis hiss edirəm. Biz stress altındayıq, çünki bura çox istidir. Bodrumda hava limanı yolunda Muscularda başlayan yanğın hələ də yayılmağa davam edir, digərləri isə söndürülüb. Külək gücləndikcə, vəziyyət daha da pisləşir. Bəzi insanlar çox stresslidir, çox kədərlidir. Digər yandan isə mən ötən gecə sahildən mahnılar eşidirdim.”
Yanğınlar Türkiyə üçün həyati olan və COVID-19 pandemiyasının səbəb olduğu zərərlədən sonra bərpa olmağa çalışan turizm sektoruna zərbə vurur. Bundan əlavə fermerlər də yanğınların dağıdıcı təsirlərinə məruz qalıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü 30 maşından ibarət karvan ilə birlikdə yanğının ən çox təsirinə məruz qalan əraziləri ziyarət edib. O, regionu fəlakət zonası elan edib və itkiləri olan insanlara kompensasiya vəd edib. Rəsmilər 100-dən çox meşə yanğınlarının bəzilərinin qəsdən başladılıb-başladılmadığını araşdırırlar.
Hökumət ölkənin yanğınsöndürən təyyarələrindən ibarət donanmanın hərəkətə keçmədiyinə və əvəzinə Rusiyadan icarə olunan üç təyyarədən asılı olduğuna görə artan tənqidlərlə üzləşir. Ərdoğan qonşu Ukrayna, Rusiya və Azərbaycandan bir çox təyyarənin gəldiyini və əlavə təyyarələrin də göndəriləcəyini bildirib. Rəsmilər deyir ki, 100-dən çox yanğın artıq nəzarət altına alınıb. Lakin bəzi kurort zonaları hələ də təhlükə altındadır və hava temperaturunun yaxın günlərdə yeni rekord səviyyələrə çatacağı gözlənildiyi üçün, mübarizə hələ başa çatmayıb.