Accessibility links

Türkiyədəki Azərbaycan vətəndaşları ölkəyə gətirilir


Azərbaycan və Türkiyə bayraqları

Martın 21-də Türkiyədə olan 248 nəfər Azərbaycan vətəndaşı Azərbaycan Hava Yolları tərəfindən İstanbul-Lənkəran uçuş istiqaməti üzrə ölkəyə gətirilb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, eyni zamanda, əksəriyyəti tələbələr olan 163 nəfər Azərbaycan vətəndaşı xüsusi ayrılmış avtobuslarla İstanbuldan Naxçıvana və ordadan da Azərbaycan Hava Yolları tərəfindən Naxçıvan-Lənkəran uçuş istiqaməti üzrə bu gün ölkəyə gətiriləcək.

Nazirlik bildirir ki, Türkiyədən qayıdan bütün şəxslər müayinədən keçiriləcək, Lənkəran və Masallıda yerləşən xüsusi məntəqələrdə 14-28 günlük karantin rejiminə yerləşdiriləcək.

“Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur. Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.”

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

"İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu, indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur,” məlumatda qeyd edilir.

Xatırladaq ki, sosial şəbəkələrdə İstanbul hava limanında qalan çoxsaylı Azərbaycan vətəndaşlarının etirazları əks olunan videolar yayılıb. Bununla yanaşı, Azərbaycan hökuməti xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinin davam etdirildiyini bildirir. Azərbaycan vətəndaşları ən çox yaşadığı ölkələr Rusiya və Türkiyədir. Bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının rəsmi statistikası aparılmır, amma, qeyri-rəsmi mənbələrə görə onların sayı yüz minlərlədir. Bununla yanaşı İtaliya universitetlərində iki mindən çox Azərabaycan vətəndaşı oxuyur. Ölkə vətəndaşları İranla da sıx əlaqədədir. İndiki halda bütün qonşu ölkələrlə insanların gediş-gəlişi müvəqqəti olaraq dayandırılıb. Vətəndaşlar yalnız xüsusi təyyarə və avtobus reysləri ilə ölkəyə gətirilir.

Şərhlərə bax

XS
SM
MD
LG