Yunanıstan, İsrail və Kiprin cümə axşamı açıqladığı bəyanatda "Türkiyənin Liviyada hərbi qüvvələrini yerləşdirməsinə icazə verən qanun layihəsi bu Şimali Afrika ölkəsindəki vətəndaş müharibəsinin yaranmasına səbəb ola bilər və bölgədəki sabitliyə ciddi təhlükədir" deyilir.
"Bu qərar BMT-nin Təhlükəsilik Şurası qətnaməsinin kobud şəkildə pozulması deməkdir. Belə ki, Liviyaya silah embarqosu tətbiq olunur və beynəlxalq ictimaiyyətin Liviya münaqişəsinə dinc, siyasi bir həll yolunu tapmaq səylərini ciddi şəkildə sarsıdır," deyə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, İsrailin baş naziri Benjamin Netanyahu və Kipr prezidenti Nikos Anastasiades bəyanatda bildirib.
Türkiyə parlamenti əsgərləri Liviyaya yerləşdirilməsinə imkan verən qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib. Bu qərar Ankara ilə Tripoli arasında hərbi əməkdaşlığın genişlənməsinə yol açsa da, türk əsgərlərin yaxın günlərdə Liviyaya gedəcəyi gözlənilmir.
Türkiyə bu qanun layihəsini noyabr ayında Ankara ilə Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan baş naziri Fayiz Əl-Sərrac hökuməti arasında iki ayrı-ayrı müqavilə imzalamasından sonra qəbul edib.
Müqavilələrdən biri təhlükəsizlik və hərbi əməkdaşlıq, digəri isə Aralıq Dənizinin şərqindəki hüdudları əhatə edir ki, bu da Yunanıstan, İsrail, Misir və Kiprin qəzəbinə səbəb olub.
Xaricə hərbi qüvvə göndərməyə meylsiz olan türk cəmiyyəti üçün mübahisəli qərar prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) və millətçi müttəfiqlərinin çoxluğunun olduğu parlamentdə 325-184 səslə qəbul edilib.
Məclisdəki böyük müxalifət partiyaları qanun layihəsinin əleyhinə səs verıb.
Bu yaxınlarda prezident Tayyib Ərdoğan Türkiyənin Liviyadakı Xəlifə Həftarı dəstəkləyən Rusiyaya məxsus muzdlulara qarşı səssiz qalmayacağını bildirmişdi. Belə ki, rəsmi Moskva Həftarın düşmənlərinə dəstək olaraq, Türkiyənin Liviyaya mümkün hərbi qoşun yeritməsindən narahatlığını dilə gətirmişdi.
Türkiyə Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Faiz Sərracın rəhbərliyini dəstəkləyib və tərəflər ötən ay hərbi əməkdaşlığı dərinləşdirə biləcək bir təhlükəsizlik sazişi imzalayıblar.
Reuters agentliyinin keçən ay ABŞ ekspertlərinin hesabatına istinadən bildirdiyinə görə, Sərracın Milli Saziş Hökuməti (GNA) Həftarın İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən dəstək almasından sonra Türkiyədən kömək istəyib.