Accessibility links

TƏBİB baş həkimi həbs edilən xəstəxananın Fövqəladə Hallar Nazirliyinə aid olduğunu bildirib


“Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə müqavilə bağlamayıb. Həmçinin TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital bu nazirliyin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz.“

Bu barədə TƏBİB-in məlumatında deyilir.

Baş Prokurorluğun məlumatına görə, Bakının Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev və digər vəzifəli şəxsləri aprelin 22-də saxlanılıb.

Bildirilir ki, koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan bölünməsinə əsaslı şübhələr yaranıb.

İmran Ağayev və digərləri Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq əməliyyat çəkilişini də təqdim edib. Nümayiş olunan videoda göstərilən siyahılardan yüş min manatlarla rüşvətdən söhbət getdiyi qənaətinə gəlinir. Müşahidəçilərin fikrincə, çoxsaylı dövlət orqanlarının nəzarəti şəraitində bu qədər rüşvətin bir neçə nəfərin şəxsi ehtiyacları üçün toplaması iddiası real görünmür.

TƏBİB-in bu gün yaydığı məlumatda deyilir ki, bu qurum dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri barədə müraciət edib.

"Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq, neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək,” qurum bildirir.

Öz növbəsində, aprelin 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Xidmətinin Modul Tipli Hospitalın baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirərkən yerli mediaya deyib ki, həbs edilən baş həkim Fövqəladə Hallar Nazirliynin əməkdaşı deyil.

“O, bizim işçimiz deyil. Həbs edilən baş həkim və əməkdaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir,” deyə o qeyd edib.

XS
SM
MD
LG