Accessibility links

TƏBİB-in şöbə müdiri: Xəstə sayının artacağı qaçılmazdır-547 yeni yoluxma


İyunun 25-də Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Dünən yoluxanların sayı 590 olub.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Evdə müalicə

Qarayeva xəstələrin sayının artacağını təxmin edir.

“İstəyimiz resurslarımızı düzgün formada bölüşdürməkdir. Xəstə sayının artması qaçılmazdır, amma əsas odur ki, bu, nəzarət altında olsun,” o qeyd edib.

TƏBİB rəsmisi deyib ki, evdə təcrid olunacaq xəstələrin vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi cədvəl hazırlanıb.

“Evdə koronavirusla əlaqəli sadəcə az simptomlu vətəndaşların müşahidəsini aparmağı düşünürük. Onların xüsusi müalicəyə ehtiyacı olmayacaq. Təəssüf ki, bu gün bütün dünyada virusun spesifik müalicəsi yoxdur. Bizim istifadə etdiyimiz dərman preparatları da sırf simptomların aradan götürülməsi üçün nəzərdə tutulub. Bir mütəxəssis olaraq hər hansı dərman adı çəkə bilmərəm, yoxsa apteklərdə bitə bilər.”

Qarayevanın fikrincə, dövlət qurumları insanın davranışına nəzarət edə bilməz.

“Bütün qonşu ölkələrdə maska taxmayan və ya ondan düzgün istifadə etməyənlərin nə qədər cərimə olunduğundan hamı xəbərdardır."

Yeni vaksin istifadəyə verilir

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı brifinqdə bildirirb ki, koronavirus peyvəndləri üzərində iş gedir.

“Hazırda 10 peyvəndin üzərində iş aparılır, 1 peyvəndin üzərində isə iş sonuncu mərhələdədir. 2020-ci ilin sonunda həkimlər xüsusi risk qrupuna daxil olanlar üçün istifadə edə biləcək,” o qeyd edib.

Sərt qərar

Bu gün baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

XS
SM
MD
LG