Accessibility links

TƏBİB: Sərt tədbirlərə mütləq əl atılmalıdır


Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, insanlar nə qədər bir yerə çox toplaşacaqsa, bir o qədər də yoluxma sayı çox olacaq:

“Ona görə də ciddi qərarlar qəbul edilməlidir. Əks halda, xəstəxanalarda yer qalmayacaq. Sərt tədbirlər görülməsə, yoluxma sayını azaltmaq mümkün deyil”.

COVİD-ə qarşı qarşı spesifik dərman və vaksinə gəldikdə Adil Allahverdiyev deyib ki, virusa qarşı spesifik dərmanhələlik yoxdur.

Onun sözlərinə görə, əgər vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil:

"İndi vaksinin effekti ilə bağlı müxtəlif faizlər deyilir. Amma bu, könüllülərin qanındakı antitellərin miqdarını göstərir. Bu antitellər qanda nə qədər qalacaq- 1 ay, 2 ay- bu, hələ bilinmir”.

A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir: “Profilaktik təbabət ən vacibdir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir. COVİD elə bir xəstəlikdir ki, ona qarşı müabrizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”.

Öz növbəsindəbu gün keçirilən brifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva xüsusilə 65 yaşdan yuxarı şəxsləri evdən çıxmamağa çağırıb.

O bildirib ki, dünyanın bəzi ölkələrində sərt qaydalar tətbiq edilərək, virusa yoluxanların sayının 2 dəfə azalması müşahidə edilib:

“Azərbaycanda da sərt qaydaların yenidən tətbiq edilməsi mümkündür”.

Xatırlama

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

XS
SM
MD
LG