Accessibility links

Təbriz bələdiyyəsinin piano heykəlini qaldırılması sərt tənqidlərə səbəb olub


Novruz bayramı ərəfəsində Təbriz şəhərində yeni quraşdırılmış piano heykəlinin gecə vaxtı qaldırılması vətəndaşlar arasında tənqidlər və etirazlara səbəb olub. Heykəl daha sonra başqa bir istiqamətdə yerləşdirilib.

Həmin heykəlin qaldırılması İran Azərbaycanında vətəndaşların sosial mediada sərt təpki və tənqidləri ilə nəticələnib, daha sonra Şərqi Azərbaycan və Təbriz şəhərinin rəsmiləri də bu hadisə ilə bağlı mövqe bildirmək məcburiyyətində qalıblar.

İLNA xəbər agentliyinin məlumatına görə, Təbriz Bələdiyyə Başçısı İrəc Şəhin Baher jurnalistlərə bu heykəlin qaldırılma səbəbi haqda bildirib ki, heykəl uyğun meydanda yerləşdirilməyib və o, heykəlin qaldırılması və başqa yerə köçürülməsi barədə əmr verib.

Təbrizin 2-ci bölgəsinin bələdiyyə başçısı Məhəmmədbağır Xoşnəvaz Piano heykənin qaldırılması barədə deyib ki, “Piano heykəli şəhərin gözəlləşdirilməsi və görünüşünə diqqət yetirmək üçün quraşdırılmışdı, ancaq yerləşdirildikdən sonra yerləşdirilmiş istiqamətdə sıx yol hərəkəti olduğundan dolayı seçilən yerin uyğun olmadığı müəyyən edildi.”

Piano heykəli
Piano heykəli

Onun dediyinə görə, yol hərəkətinin sıxlığı heykəlin ilk quraşdırıldığı yerdən qaldırılmasının əsl səbəbidir, ancaq həmin piano heykəlinin yerinə dərhal dini xarakter daşıyan bir heykəl yerləşdirilib.

Şərqi Azərbaycan Mədəniyyəti və İrşad İdarəsinin sədri də Təbriz bələdiyyəsinin işinə tənqidlə yanaşaraq, “Şəhər strukturlarının quraşdırılması və sökülməsi bələdiyyələrin səlahiyyətindədir, amma kaşki bələdiyyə rəsmiləri öz işlərinə müdaxilə edənləri xalqa tanıtmağa cəsarət etsinlər” - deyə ifadə edib.

Şərqi Azərbaycan vilayətinin Musiqi Dərnəyi universitet meydanındakı gözəl piano heykəlinin gecə vaxtı birdən sökülüb qaldırmasına reaksiya verərək bir bəyanat yayıb. Vilayətin musiqi dərnəyinin bəyanatında qeyd olur ki, “həmin meydanda heykəldən daha təhlükəli ola biləcəyi şəhər televizorları mövcud olduğu halda, bələdiyyə rəsmiləri yol qəzası və bununla əlaqəli təhlükələrə səbəb olacağı qənaətinə necə gələ bilərlər?”

Digər tərəfdən Təbriz Şəhər Şurasının üzvü Şəkur Əkbərnejad bir bəyanat yayaraq, bələdiyyənin bu heykəlin quraşdırılması barədə şəhər şurasına məlumat vermədiyini və bələdiyyə başçısını məlum olmayan güc mərkəzlərindən əmr aldığını irəli sürüb. “Piano heykəlinin quraşdırılması və sökülməsi barədə şura üzvlərinə və mədəniyyət komissiyasına məlumat verməməyinizə görə təəssüflənirəm, sanki yalnız bizə məlum olmayan güclərin təzyiqi əsasında hərəkət edirsiniz,” o deyib.

İran mətbuatı piano heykəlinin Azərbaycan Futbol Muzeyinin binasının yanında quraşdırıldığını yazır, ancaq həmin xəbər agentlikləri heyklin qəfildən qaldırılmasının səbəbinin məlum olmadığını da qeyd edirlər.

Bəzi sosial media istifadəçiləri piano heykəlinin bəzi fundamentalist güc mərkəzlərinin təzyiqi nəticəsində bələdiyyə tərəfindən qaldırıldığını ancaq tənqidlər və etirazların yüksəlməsi nəticəsində 48 saat ərzində təkrar heykəlin başqa istiqamətdə yerləşdirmək məcburiyyətində qaldığı düşüncəsini irəli sürürlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG