Accessibility links

Təbrizdə havanın çirklənməsi vətəndaşların sağlamlığını təhlükə altına alır


Son bir həftə ərzində Təbrizin havasının çirklənməsi hər gün artaraq vətəndaşların sağlamlığını təhlükə qarşısında qoyub.

Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizəsi İdarəsinin Hava Keyfiyyətinə Nəzarət Mərkəzi son günlər ərzində Təbrizdə havanın sağlamlıq baxımdan həssas qruplar - o cümlədən xəstələr, hamilə qadınlar və xəstə uşaqlar üçün təhlükəli olduğunu bildirib və vurğulayıb ki, həmin kateqoriyaya daxil vətəndaşlar belə hava şəraitində açıq havada gəzməməlidir.

Nasrnews xəbər agentliyinə müsahibə verən ətraf-mühit mütəxəssisi Əhməd Baybordi deyib ki, vilayətdə təmiz hava qanununu tətbiq etmək üçün bir iradə yoxdur. O, Təbrizdə COVID-19 xəstəliyi üzündən məktəblərin məsafəli fəaliyyət metoduna toxunaraq deyib ki, bu vəziyyətə baxmayaraq şəhərin havası hər gün daha çirklənir və bunun da səbəbi Təbriz istilik elektrik stansiyasında (İES) yanacaq olaraq mazutdan istifadə edilməsi və Təbrizin neft-kimya və neftayırma zavodudur. Onun sözlərinə görə, dövlət orqanları bu istiqamətdə öz peşə borclarını yerinə yetirmirlər.

Baybordi həmçinin deyib ki, Təbrizin bu hava vəziyyəti vətəndaşlar üçün COVİD-19 xəstəliyindən daha təhlükəlidir. Mütəxəssislər Koronaya yoluxmuş və müalicə olmuş vətəndaşlara havanın çirklənmə riskini ciddiyə alaraq havanın çirkli olduğu günlərdə evdən çıxmamağa tövsiyə edirlər.

İSNA xəbər agentliyinin yaydığı bir xəbərə görə, Şərqi Azərbaycan valisi Purməhəmmədi Təbriz havasının çirklənməsinə habelə vətəndaşların elektrik enerjisi və qaz ehtiyaclarının təmin olunması barədə danışarkən Təbriz İES-də mazut istifadəsinə son qoyulması üçün bu stansiyasının qaz kvotasının artırılmasını tələb edib.

İran rəsmiləri qış mövsümlərində vətəndaşların daha çox qaz tükətdikləri üçün stansiyaların qaz kvotasının şəhərlərin elektrik ehtiyacını qarşılamağa yetmədiyi üçün mazutdan istifadə etmək məcburiyyətində olduqlarını bildirir. Təbriz elektrik stansiyasının mazutdan istifadə etməsi yeni hal deyil və bundan öncə də soyuq mövsümlərdə şəhər havasının çirklənməsində ciddi rol oynayıb.

İranın Neft Naziri Bijan Namdar Zəngənə bazar günü enerji, neft və daxili işlər nazirlərinin ortaq iclasında qışda yanacaq istehlakının idarə edilməsi ilə əlaqədar deyib ki, mazutdan istifadə etməkdən başqa çarə yoxdur.

"Neft emalı zavodlarının mazut istehsal tutumu dolubdur və heç kim beynəlxalq sanksiyalar səbəbindən bunları almır. Buna görə bəzi yerlərdə mazut istifadə etməyə məcburuq," ABŞ-ın İrana qarşı sanksiyalarına toxunan İranın Ətraf Mühitin Mühafizəsi orqanının rəhbəri İsa Kələntəri daha öncə demişdi.

Son günlərdə İranın böyük şəhərlərində - o cümlədən Tehran, Təbriz, Məşhəd, Ərak, İsfahan və Kərəc kimi şəhərlərində havanın çirklənmə dərəcəsi artaraq təhlükəli səviyyəyə çatıb və cəmiyyətdəki bütün qruplar üçün zərərli elan edilib.

XS
SM
MD
LG