Accessibility links

Təbrizdə tutulan 3 türk fəal mülki zəmanət qarşılığında sərbəst buraxılıb


İki həftə əvvəl Təbrizdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar nəzarət altına alınan milli fəallar Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədiyan müvəqqəti olaraq azadlığa buraxılıblar.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, fəalların hər biri oktyabrın 31-də 200 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Onların mühakimə prosesi Təbriz İnqilab Məhkəməsində davam edəcək.

Oktyabrın 18-də Təbrizdə çoxsaylı insanın iştirakı ilə keçirilən Qarabağa dəstək aksiyasında “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilmişdi. İştirakçılar həmçinin “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarını səsləndirərək İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb etmişdilər.

Təhlükəsizlik qüvvələri Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədiyan, habelə bir çox digər fəalı mitinqdən bir gün əvvəl saxlamışdılar. Üç siyasi fəal təqribən 10 gün kəşfiyat qurumunun həbsxanasında sorğu-sual edildikdən sonra sərbəst buraxılana qədər Təbrizin mərkəzi həbsxanasına göndərilmişdi.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar saxlanılan bəzi vətəndaşlar hələ sərbəst buraxılmayıb. Zəmanət qarşılığında sərbəst buraxılanlar haqqında başladılan mühakimə prosesi davam edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG