Accessibility links

Təbrizlilər səyyar satıcılara qarşı zorakılığa etiraz edirlər


Təbriz

Bir müddətdir Təbriz şəhərinin müxtəlif küçələrində bələdiyyə məmurları və polis qüvvələrinin səyyar satıcılara qarşı sərt rəftarları ilə bağlı xəbərlər və görüntülər paylaşılır.

İqtisadi vəziyyətin ağırlaşması ilə İran Azərbaycanında bir çox iş yeri və zavodun fəaliyyətinə son verilməsi nəticəsində işsizlərin sayı artmaqdadır. Buna görə Təbriz şəhərində də səyyar satıcılıqla ailələrinin dolanışığını təmin etməyə çalışanların sayı əvvəllərlə müqayisədə xeyli artıb.

Səyyar satıcı heykəllərinin məhəllənin tarixi kimliyinə uyğun olaraq yerləşdiyi küçədə səyyar satıcılar bələdiyyə və polis qüvvələrin zorakılığına məruz qalırlar.

Son vaxtlar Təbriz Bələdiyyəsi bir qrup mağaza sahiblərinin etirazından sonra şəhərin müxtəlif küçələrindən səyyar satıcıları yığışdırmağa başlayıb.

Təbrizin böyük Tərbiyət Bazarında bəzi mağazaların sahibləri səyyar satıcıların onların biznesinə ziyan vurduğunu önə çəkərək tətil aksiyası keçirib.

Səyyar satıcıların yığışdırılması zamanı bələdiyyə məmurları və bəzi hallarda polis qüvvələrinin satıcılara qarşı güc tətbiq etdikləri müşahidə olunub.

“Hamdeli” qəzetinin xəbərinə görə, Təbriz Bazarının Gürcülər Sarayında məmurların güc tətbiq etməsi yaşlı və kor səyyar satıcının ürəkkeçməsinə səbəb olub. Sosial şəbəkələrdə həmin hadisə ilə bağlı video görüntü paylaşılıb.

Səyyar satıcılara qarşı təzyiqlər Təbrizin mədəni fəalları və sosial media istifadəçilərinin qəzəbinə səbəb olub.

Bəzi hökümət tərəfdarı yerli qəzetlər səyyar satıcılara görə şəhərin simasının çirkinləşdiyini irəli sürürlər.

Sosial media istifadəçisi Saba Nağızad bu haqda yazıb: “şəhəri çirkinləşdirən səyyar satıcı deyil. Şəhəri məsullar çirkinləşdirir ki, onlar sadəcə zəngin məhəllələrin fikrindədirlər".

Təbrizin Tərbiyət küçəsində ötən illərdə bələdiyyə tərəfindən bəzi ənənəvi peşələri təsvir edən heykəllər yerləşdirilib. Onların arasında səyyar satıcılara həsr olunmuş heykəllər də yer alır.

Təbrizin Tərbiyət məhəlləsi
Təbrizin Tərbiyət məhəlləsi

Heykəllərin məhəllənin tarixinə uyğun olaraq yerləşdirildiyi küçədə səyyar satıcılar bələdiyyə və polis qüvvələrin zorakılığına məruz qalırlar.

2015-ci ilin aprel ayında məişət avadanlığı bələdiyyə məmurları tərəfindən müsadirə edilmiş bir səyyar satıcı Təbrizin 8-ci bölgə bələdiyyəsinin binası yaxınlığında üzərinə benzin tökərək özünü yandırıb. O bir neçə gün sonra aldığı xəsarət nəticəsində vəfat edib.

XS
SM
MD
LG