Accessibility links

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri tətil edib


Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayonu ərazisində yerləşən 9 saylı köməkçi yardım stansiyasının işçiləri mayın 6-da axşamdan başlayaraq çağırışlara çıxmaqdan imtina edib.

Tibbi Yardım Stansiyasının işçilərinin etirazı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarının icra edilməməsi ilə bağlı olub. Qərara görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən edilib.

İşçilər bu ilin yanvarından etibarən ödənişlərin kəskin azaldılmasına etiraz edib.

Etirazçılardan biri deyib ki, onlar virusdan qorunmaq üçün lazımı müdafiə vasitələri ilə təmin olunmurlar.

“Bu səbəbdən ailə üzvlərimizi yoluxdururuq, koronaviruslu xəstələrlə işləməyimizə baxmayaraq ödənişlər düzgün hesablanmır və vaxtında ödənilmir,” o qeyd edib.

Yarımstansiyanın baş həkimi deyib ki, tibb işçilərin aylıq əmək haqlarının baza hissəsi 440 manatdır, onun 4 misli də 1720 manat edir.

Bu zaman, tətil edən tibb işçiləri ayda 1720 manat maaşı heç vaxt almadıqlarını bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətindən Anerikanın Səsinə deyiblər ki, stansiyanın işçilərinin tətili bir saatdan bir qədər artıq davam edib.

“Onlara müvafiq izahaat verildikdən sonra iş başına qayıdıblar. Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayonu ərazisində yerləşən 9 saylı köməkçi yardım stansiyası normal rejimdə fəaliyyəini davam etdirir,” mətbuat xidməti bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

“Ay ərzində iş günlərinə mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/aylıq iş günlərinin sayı və ya iş saatları) işçinin çalışdığı günlərin sayı və müddətli əlavənin misli. Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır,” məlumatda qeyd edilir.

Etirazçıların qoruyucu vasitələrlə təmin olunmaması barədə iddialarına gəlincə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub.

Bununla yanaşı, tibb işçilərinin həmkarlar təşkilatları tətilçilərin qarşısına çıxmayıb və tibb işçilərinin əmək rejimi, əmək haqları ilə bağlı hələ hər hansı münasibət bildirməyib.

XS
SM
MD
LG