Accessibility links

Təhsil haqqını ödəməyə dəstək verəcək fond niyə heç də hamını sevindirmir?


İyunun 17-də prezident İlham Əliyevin fərmanı ilə Tələbə Təhsil Krediti Fondu yaradıldı.

Artıq uzun müddətdir ki, ətrafında müzakirələr aparılan Fond Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılacaq.

Fonda cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. O, dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Tələbə Təhsil Krediti Fondunun yaradılması təhsil haqqları problemini həll edəcəkmi? AzadlıqRadiosu bu suala cavab axtarıb.

Son 7 ildə sırf təhsil haqqını ödəyə bilməyən 5 min tələbənin ali təhsil müəssisələrindən xaric edildiyini diqqətə çatdıran ekspertlər Fondun yaradılmasını gərəkli bir addım kimi qiymətlərsələr də, qurumda korrupsiya üçün əlyeri qoyulduğunu, onun fəaliyyətinin uğurlu olmayacağını iddia edənlər də var.

İyunun 18-də Təhsil naziri Emin Əmrullayevin Tələbə Təhsil Krediti Fondunun qeyri-kommersiya qurumu olduğunu söyləməsinə baxmayaraq, kreditlərin 2 faizlə verilməsi haqda dedikləri də birmənalı qarşılanmadı.

Tələbə: “Təhsil haqqından azad olunmaq əvəzinə 20 illik kredit yüklənir”

Bakı Dövlət Universitetinin adının çəkilməsini istəməyən tələbəsi AzadlıqRadiosuna bildirir ki, kredit sistemi ilk baxışdan yaxşı bir sistem kimi görünsə də, onun bəzi mənfi məqamları da var.

“Çoxları təhsilini davam etdirə bilmək üçün yüksək faizli kreditlərə girir və Tələbə Təhsil Krediti Fondu sistemi buna son qoya bilər. Amma suallar yaranır, bütün ehtiyacı olan tələbələr bundan yararlana biləcəklərmi?”

O, təhsili başa vuran kimi tələbələrin iş tapıb-tapmayacağının bəlli olmadığını deyir:

“Amma artıq indidən boyunlarına yük qoymağa hazırlaşırlar. Təhsil haqqından azad olunmaq əvəzinə 20 illik kredit yüklənir”.

Təhsil Nazirliyi: “Bu kreditlər kommersiya xarakteri daşımır”

Təhsil Nazirliyindən “Turan”a bildirilib ki, adıçəkilən Fondun yaradılmasında əsas məqsəd təhsilin keyfiyyətini artırmaq, onu əlçatan etmək, bu sahədə mövcud olan bir sıra sosial problemin həllinə nail olmaqdır:

“Bir çox hallarda tələbələr və yaxud ali məktəbə qəbul olunan, amma bu və ya digər səbəbdən təhsil haqqını ödəyə bilməyən abituriyentlər problemlərlə üzləşirdi”.

Nazirlik həmçinin Azərbaycanda son illər dövlət başçısının müvafiq tapşırıq və sərəncamı ilə ali məktəblərdə dövlət sifarişli yerlərin sayının artdığını qeyd edir:

“Koronavirus pandemiyası ilə bağlı 20 min tələbənin təhsil haqqı dövlət tərəfindən ödənildi, tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır. Amma eyni zamanda təhsilin maliyyələşməsi şaxələnməlidir və dünyanın ən qabaqcıl təcrübəsini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun da Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar açacaq”.

Nazirlikdən tələbə kreditlərinin ödənişli təhsil alan tələbələrə verilməsinin nəzərdə tutulduğu deyilir.

“Bu kreditlər əsasən sosial həssas qrupdan olan tələbələrə veriləcək və onun illik faiz dərəcəsi çox aşağı olacaq. Söhbət təhsili bitirdikdən sonra müəyyən möhlət hüququ olmaqla təxminən 20 il və ondan artıq müddətdən gedir. Həmin tələbələr artıq iş tapdıqdan sonra 20 il ərzində bu pulu ödəyə bilər”.

Bu da bildirilir ki, eyni zamanda başqa, standart kreditlər də veriləcək:

“Bu isə daha çox təhsil keyfiyyətini artırmaq məqsədi daşıyır və tələbələrin orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq veriləcək. Bu, tələbənin bütün təhsil haqqının bir hissəsini əhatə edə bilər”.

Təhsil Nazirliyindən bu məqsədlə dövlət büdcəsindən 80 milyon manata qədər vəsait ayrılmasının nəzərdə tutulduğunu, bu rəqəmin 40 min və daha çox tələbəni əhatə edə biləcəyini vurğulayırlar:

“Bu kreditlər kommersiya xarakteri daşımır”.

Kreditin tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcəyi də qeyd olunur:

“Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər”.

Tələbə Güc Mərkəzi: “Kreditlərin verilməsi universitetlərə həvalə olunsa bürokratik prosesləri artıracaq”

“Azərbaycanda tələbəni narazılıq etdiyinə görə imtahana buraxmırlar, ona görə ən proqresiv sistem də burada yalnız görüntü xarakteri daşıyacaq” - Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli yeni yaradılan Fond haqqında danışarkən belə söyləyir.

O hesab edir ki, təhsil kreditlərinin verilməsi tələbənin borclandırılması deməkdir:

“Dövlət universitetlərinin ilkin məsuliyyəti isə tələbəni pulsuz təhsillə təmin etməkdir”.

Onun sözlərinə görə, indiki şəraitdə tələbə kreditlərinin effektiv olması üçün həmin kreditlərin paylanması müstəqil təşkilatlara, məsələn, tələbə təşkilatlarına və ya tələbə həmkarlar ittifaqlarına həvalə olunmalıdır.

Mərkəz rəhbərinin fikrincə, tələbə kreditlərinin verilməsində problemlər olacaq:

“Çünki biz bəzi tələbələrin təhsil haqları ilə bağlı Təhsil Nazirliyinə, universitetlərin özlərinə müraciət edirik, amma onlar bürokratik problemlər yaradır. Deyirlər ki, Dövlət Sosial Müdafiə Fonduna, tələbənin valideynlərinin işsiz olduğunu sübut etmək üçün Məşğulluq İdarəsinə müraciət etmək lazımdır. Yəni bürokratik proses uzun və yorucudur. Kreditlərin verilməsi universitetlərə həvalə olunsa, bu bürokratik prosesləri artıracaq və təhsil kredit sistemi uğurlu olmayacaq”.

“Tələbə borclandırılırsa, dövlət onu real işlə təmin etməlidir”

Tələbə Güc Mərkəzinin rəhbərinin sözlərinə görə, tələbə universitetə qəbul olanda ona xeyli vədlər verilir:

“Deyirlər ki, sən 4-cü kursda oxuyarkən biz səni Karyera Mərkəzi vasitəsilə işlə təmin edəcəyik, müxtəlif təcrübə proqramlarına göndərəcəyik, amma bunların hamısı sadəcə boş vədlərdir. Məsələn, hüquq fakültəsində oxuyan adam prokurorluqda və ya məhkəmədə kağız-kuğuz daşımaqla məşğuldur və təcrübəsi formal xarakter daşıyır. Amma tələbə borclandırılırsa, dövlət onu real işlə təmin etməlidir. Bu isə sual altındadır”.

Nazirliksə hələlik tələbələrin gələcəkdə işlə təmin edilməsinə hansı yardımı göstərəcyi haqda danışmır.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG