Accessibility links

Tələbələr Təhsil Nazirliyinin qarşısında aksiya keçirib


İyunun 1-də "Tələbə tələbi" adlı hərəkatın iştirakçıları "Ödənişi ləğv et!" və "İmtahanları ləğv et!" tələbi ilə Təhsil Nazirliyin qarşısında aksiya keçirib.

Onlar koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılması səbəbindən semestr imtahanlarının ləğv edilməsini istəyir.

Azrbaycanda martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.

Etiraz zamanı saxlanılanlar var. Saxlanılanlar arasında tələbələr və fəallar da olub.

Belə ki, Təhsil Nazirliyinə müraciət ünvanlamaq üçün gələnlərdən Rüstəm İsmayılbəyli, Allahverdi Həsənov və Zərifə Novruzu polislər nazirliyin Təhsil Muzeyinin binasına aparıblar. Həmin şəxslərin bildirdiyinə görə, onları nazirliyin rəsmilərinin qəbul edəcəkləri bildirilib.

Bir müddət sonra geri qayıdan Zərifə Novruz deyib ki, onları qəbul etsələr də, daha sonra Rüstəm İsmayılbəyli binadan çıxarılaraq naməlum istiqamətə aparılıb. Amma o, qəbul haqqında geniş bilgi verməyib. Dediyinə görə, onları yalnız dinləyiblər.

Binadan çıxan Allahverdi Həsənov və ora gələn Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Əhmədov, fəallar Vüqar Mirzəbəy, İlham Rəsul, Rəhim Məmmədov və Qiyas İbrahimov polis maşınına mindirilərək aparılıb.

Polis aksiya iştirakçılarından məsafə saxlamaq və karantin qaydalarını pozmamağı tələb edib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məsələ ilə bağlı araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib.

Təhsil Nazirliyinin cavabı

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixdə qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb:

"Buna baxmayaraq, nazirliyə müraciət edən 3 tələbə - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub.

Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov nazirlik tərəfindən istifadəyə verilən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib."

"Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və həmin qərar əsasında ali və orta ixtisas təhsil müəssisələri tərəfindən bu tədris ilinin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat verib. Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilib. Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanıb, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub.

Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib. Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər," nazirlik rəsmisi vurğulayıb.

Dövlət statistika komitəsinin rəsmi məlumatı

Dövlət Dövlət Statistika Komitəsi hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd aldığını vurğulayıb.

Məlumata görə ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,5 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq və Türkmənistan Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.

2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

BŞBPİ: Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub, 7 nəfər saxlanılıb

Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidməti məlumat verib.

Məlumata görə Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.-

XS
SM
MD
LG