İranın radikal islamçı Ənsari-Hizbullah qrupunun şimal-qərb (İran Azərbaycanı) bölməsinin başçısı təbrizli Höccətül-İslam Ruhullah Becani vilayət-fəqih əsgəri olaraq vəsf etdiyi Əhmədinejadın hakimiyyətə dönməsini istədiklərini bəyan edib.
“Buraxın liberallar və islahatçılar bir müddət otlasınlar. Hizbullah zamanı gəldiyində liberallar və fitnəçilərin ayağını həmişəlik olaraq ölkədən kəsəcəkdir,” deyə Becani Matin News adlı internet qəzeti ilə müsahibəsində qeyd edib.
Yerli jurnalistlər Becaninin bu bəyanatını Ənsari-Hizbullahın Azərbaycan vilayətlərində fəallığını təkrar artırmaq istədiyinin əlaməti olaraq dəyərləndirirlər.
Ənsari-Hizbullaha yaxın media tərəfindən “Pantürkizmin kabusu” olaraq vəsf edilən Ruhullah Becani həmçinin güneyli fəallar, habelə Azərbaycan Respublikası və Türkiyəyə qarşı sərt çıxışları ilə məşhurdur.
Becani ötən illərdə İranın Azərbaycan Respublikası üçün proqram yayan Səhər TV kanalında dəfələrlə siyasi və dini şərhçi kimi çıxış edib.