Accessibility links

Düşənbədə Asiyanın Ürəyi-İstanbul Prosesi adlı regional konfrans başlayıb


Bazar ertəsi Tacikistanın paytaxtı Düşənbədə Əfqanıstanda on illərdir davam edən münaqişəyə son qoymaq məqsədi ilə Asiyanın Ürəyi-İstanbul Prosesi (HoA-IP) adlı regional konfrans başlayıb.

İllik konfransda iştirak etmək üçün gələn Əfqanıstan Prezidenti Əşrəf Qani bazar ertəsi tacikistanlı həmkarı İmoməli Raxmonla ayrıca görüşüb.

Bu görüş aylardır dalana dirənən sülh prosesinin davam etdirilməsi üçün göstərilən diplomatik səylərin sonuncusudur.

Toplantı ABŞ-la Taliban arasında bütün xarici qüvvələrin Əfqanıstandan mayın 1-də çıxarılacağı razılığının yaxınlaşdığı tarixdən əvvəl keçirilir. Prezident Co Bayden keçən həftə keçirdiyi ilk mətbuat konfransında jurnalistlərə "Mayın 1-nə qədər çatdırmaq çətin olacaq" deyib.

Əfqanıstan Prezidenti Əşrəf Qani
Əfqanıstan Prezidenti Əşrəf Qani

Bununla yanaşı Bayden ABŞ əsgərlərinin gələn ildən sonra Əfqanıstanda qalacağını təsəvvür edə bilmədiyini də deyib.

"Orada uzun müddət qalmaq niyyətim yoxdur" - deyə, ABŞ lideri bildirib.

Taliban isə xarici qoşunlar ölkədən razılaşmaya uyğun çıxarılmadığı təqdirdə xarici qüvvələrə qarşı hücumlarını yenidən başlayacağı barədə xəbərdarlıq edib.

Qrupun sözçüsü Zabiulla Mücahid "Hər hansı müharibə, ölüm və dağıntıların məsuliyyəti bu razılığa əməl etməyənlərin üzərinə düşəcək" deyib.

2020-ci ilin fevral ayında Dohada ABŞ-la müqavilə imzaladıqdan sonra Taliban ABŞ və NATO qüvvələrinə qarşı birbaşa hücumları dayandırıb. Lakin Əfqanıstan qüvvələrinə qarşı hücumlarını artırıb.

XS
SM
MD
LG