Tacikistanın Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, ciddi rejimli həbsxanada qiyam zamanı həbsxananın üç nəzarətçisi və müxalif islamçı partiyanın bir neçə də üzvü də daxil olmaqla 29 məhbus öldürülüb. Bu, ölkədə son altı ay ərzində həbsxanada ölümlə nəticələnən ikinci belə qarşıdurmadır.
Daxili İşlər Nazirliyi mayın 20-də paytaxt Düşənbənin 15 kilometrliyində yerləşən Vahdat dairəsindəki həbsxanada qiyam zamanı öldürülən 29 məhbusun adını açıqlayıb.
Siyahıya əsasən, öldürülən məhbuslardan 17-si İslam Dövləti qrupunun üzvləri olub. Daxili İşlər Nazirliyinin bu iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Həmçinin bildirilir ki, beş nəfər digər məhbus Tacikistanın aparıcı müxalif partiyası olan İslam İntibah Partiyasının üzvləri olub. Tacikistan rəsmiləri 2015-ci ildə ölkədə partiyanın fəaliyyətini qadağan ediblər. Rəsmilərin bu qərarı ədalətsiz və əsassız kimi tənqidlərə məruz qoyulub.
Ədliyə Nazirliyinin bundan əvvəlki məlumatında bildirilib ki, beş məhbus qiyamçılar tərəfindən öldürülüb, 24 nəfər isə rəsmilərin sözlərinə görə, qiyamın yatırıldığı zaman “məhv edilib”.
Nazirliyin mayın 20-də açıqladığı bəyanatda deyilir ki, toqquşmalar İslam Dövləti də daxil olmaqla, müxtəlif qruplaşmalarda iştiraka görə məhkum edilmiş 30 məhbusun öldürülməsindən sonra baş verib.
Ədliyyə Nazirliyi məhbusların bıçaq və digər iti əşyalarla silahlandığını bildirib.
Qapalı ölkədə rəsmilərin iddialarının müstəqil mənbələr tərəfindən təsdiqini almaq mümkün olmayıb.
Bəyanatda deyilir ki, qiyamın təşkilatçılarından biri Tacikistanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri, 2015-ci ildə İslam Dövləti qrupuna qoşulmuş Gulmurod Halimovun böyük oğlu Behruz Gulmurod olub.
ABŞ Dövlət Departamenti 2016-cı ildə Gulmurod Halomovu İslam Dövləti qrupunun əsas üzvlərindən biri adlandırıb və onun harada olması haqda məlumat verən şəxsə 3 milyon dollar məbləğində mükafat vəd edib.
20 yaşlı Behruz Gulmurod 2017-ci ildə Tacikistanda həbs edilib. O, xarici militant qrupa qoşulmaq cəhdində günahkar tanınaraq, 10 il həbs cəsazı alıb.
Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, qiyamçılar həbsxananının tibbi məntəqəsində yanğın törədib, bir neçə məhbusu girov götürüb və qaçmağa çalışarkən nəzarətçiləri öldürüb.
Bəyanata əsasən, vəziyyət artıq nəzarətə götürülüb və qiyamla bağlı təhqiqata başlanılıb.