Accessibility links

Fəxrəddin Abbasov Moskvada yoxa çıxıb


Fəxrəddin Abbasov

Fevralın 27-də Azərbaycanda separatçılıqda və mövcud konstitusiya quruluşunun zoraklılıqla devrilməsi cəhdində ittiham olunan və axtarışda olan Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərindəki təcridxanadan yoxa çıxıb.

Amnesty İnternational-ın məlumatına görə, fevralın 27-də hüquq-mühafizə orqanlarının hansısa əməkdaşları istintaq təcridxanasına gəliblər və Baş Prokurorluğun Abbasovu azad etmək barədə rəsmi məktubunu təqdim ediblər. Onlar Abbasovu özləri ilə aparıblar. Bu zaman onun şəxsi əşyaları təcridxanada qalıb.

Fevralın 28-də saat 15:00-da Abbasovun işi üzrə məhkəmə iclası keçirilməl idi. Məhkəmə onun yoxa çıxması ilə əlaqədar iclası martın 18-nə təxirə salıb. Hazırda Abbasovun harada olduğu məlum deyil, Amnesty İnternational-ın məlumatında bildirilir.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Abbasov Azərbaycana təhvil verilmiş ola bilər.

Öz növbəsində, Azərbaycanın hüquq mühafizə orqanları bu barədə məlumata malik olmadıqlarını bildirir.

Fəxrəddin Abbasov Moskvada yaşayır, 2018-ci il sentyabrın 6-da Lyubertsıda Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanılıb. O, "xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışlarında" (Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri) ittiham olunur.

Fəxrəddin Abbasov 1981-1995-ci illərdə Bakı Dövlət Universitetində dərs deyib, 1993-1995-ci illərdə "Tolışi Sədo" qəzetinin redaktoru olub.

1993-cü ildə Azərbaycanda hərbi-siyasi böhran zamanı Abbasov talış millətçilərinin liderlərindən biri olub, Azərbaycanın cənubunda elan edilmiş, tanınmamış Talış-Muğan Respublikasının parlament sədri vəzifəsini tutub.

1995-ci ildə Rusiyaya köçüb, burada "Tolış" qəzetini dərc edib. 2005-ci ilin mayında Ermənistanda talışların problemi ilə bağlı beynəlxalq konfransda iştirak edib.

Azərbaycanda konfrans separatizmə dəstək kimi qiymətləndirilib.

XS
SM
MD
LG