Əfqanıstanın cənubunda rəsmilər bildirir ki, şənbə günü bomba partlayışı nəticəsində ordunun yüksək rütbəli komandiri ölüb, bir jurnalist daxil olmaqla azı dörd nəfər yaralanıb.
Taliban Helmand vilayətində baş verən hücumun məsuliyyətini üzərinə götürüb. Həmin vilayətdə rayonların çoxu qiyamçı qrupun nəzarəti altındadır.
Vilayətin sözçüsü Amerikanın Səsinə bildirib ki, ordunun sərhəd bölümünün komandiri general Zahir Gül Muqbil bir qrup jurnalistlə birlikdə qiyamla mübarizə əməliyyatlarını ziyarət etmək üçün Mərcah rayonuna yola düşmüşdü.
Məhəmməd Zaman Hamdard bildirib ki, öldürülən general həmin hərbi əmliyyatı idarə edirdi. O, yaralananlar arasında Əfqanıstanın Şamşan TV kanalının müxbiri ilə üç təhlükəsizlik işçisinin olduğunu əlavə edib. Jurnalist Sərdar Məhəmməd Sarvarinin bir neçə yerdən yaralandığı bildirilir.
Taliban yaydığı bəyanatda hücum nəticəsində Muqbilin iki cangüdəninin də öldürüldüyünü bildirib. Lakin qoymaçı qrup çox vaxt şişirdiriliş iddialar irəli sürür.
Helmand Əfqanıstanın ən böyük vilayəti vəyuxu xaşxaşı istehsal edən əsas regionudur.
Beynəlxalq media gözətçiləri Əfqanıstanı jurnalistlər üçün dünyanın ən təhlükəli yeri olaraq göstərir.
Dron hücumu
Bu arada isə Xost vilayətinin siyasətçiləri və rəsmiləri şənbə günü bu yaxınlarda həmin ərazidə dron hücumu nəticəsində dünyaya yeni gələn körpə daxil olmaqla altı mülki vətəndaşın həyatını itirdiyini bildirib.
Yerli tayfa lideri Gül Mərcan Faruqzoi Amerikanın Səsinin Əfqanıstan xidmətinə bildirib ki, qurbanlar bir ailənin üzvləridir və pilotsuz təyyarə onların maşınını vuran zaman onlar vilayət paytaxtında yerləşən xəstəxanadan evlərinə geri dönürdü. O, ölənlər arasında körpə də daxil olmaqla, iki uşaq və iki qadının olduğunu söyləyib.
Vilayət hökümətinin sözçüsü Talib Manqal iki gün öncə ərazidə maşına hücumun olduğunu təsdiq edib, amma əlavə məlumat paylaşmayıb. Manqal deyib ki, insidentlə bağlı istintaq aparılır, ancaq o, hücumu Əfqanıstan qüvvələri və ya onların beynəlxalq tərəfdaşlarının etdiyini söyləməyib.
Ötən bazar günü Əfqanıstanın qərbində Fərəh vilayətində hava hücumunu azə doqquz mülki vətəndaşın ölümü, bir neçə digərlərinin yaralanması ilə nəticələnib.
Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyası Fərəhdəki hava hücumunu qınayıb və hücumun xarici qüvvələr tərəfindən həyata keçirildiyinə işarə edib. Komissiya bəyanatında müharibə aparan tərəfləri beynəlxalq öhdəliklərini yerinə yetirməyə və mülki vətəndaşların müdafiəsini təmin etməyə çağırıb.
Dron hücumları adətən ABŞ qüvvələri tərəfindən Əfqanıstanda apardıqları terror əleyhinə mübarizə əməliyyatları çərçivəsində həyata keçirilir.