Əfqanıstanda Taliban hökuməti cümə günü qadın haqları ilə bağlı sərəncam imzalayıb və bildirib ki, qadınlar razılıqları olmadan və ya barışıq və düşmənliyə son qoymaq mübadilində evləndirilə bilməzlər.
Bu sərəncam avqust ayında hakimiyyəti ələ keçirən İslamçı qrup insan haqlarını, ələlxüsus da qadınların hüquqlarını qoruyacağını vəd etməsi üçün beynəlxalq təzyiqlə üzləşdiyi bir vaxt təsadüf edib.
“Nikah üçün yetkinlik yaşına çatan qadının razılığı olmalıdır. Heç kim qadınları zorla və ya təzyiqlə ailə qurmağa məcbur edə bilməz,” Taliban sözçüsü Zabihullad Mücahidin mediaya təqdim etdiyi sərəncamda bildirilir.
“Qadın mülk deyil, nəcib və azad insandır. Heç kəs onu barışıq mübadilində və ya düşmənçiliyə son qoymaq məqsədilə heç kəsə verə bilməz,” sərəncamda qeyd olunur. Sərəncamda həmçinin əlavə olaraq bildirilir ki, dul qadınlara ölən ərlərinin mülklərindən pay düşməlidir.
Mücahid deyib ki, Taliban rəhbərliyi Əfqanıstandakı bütün müvafiq institutları, ölkə boyu dini alimləri və qəbilə ağsaqqallara qaydaları tətbiq etmələrinə və qadınlara qarşı “davam edən zülmləri”n qarşısını almaq məqsədilə ictimaiyyəti bu qaydalarla bağlı maarifləndirmələrinə göstəriş verib.
Sərəncamda Ali Məhkəmədən Əfqanıstan boyu bütün məhkəmələrə qadınların, xüsusilə də dul qadınların haqları ilə bağlı işlərdə qərar verərkən bu qaydaları nəzərə almaları üçün göstəriş verməsi tələb olunur.
Talibanın sərəncamında qızların təhsilləri və qadınların evdən kənarda işləmələri ilə bağlı heç nə qeyd olunmayıb.
Hakim islamçı qrup sentyabr ayında oğlanların məktəbə geri dönmələrinə icazə versə də, Əfqanıstanın bir çox vilayətində qızlar hələ də dərsə qayıtmağı gözləyir. Bu vəziyyət həm daxili həm də xarici müşahidəçilərin tənqidlərinə səbəb olub.
Taliban liderləri bildirib ki, bütün əfqan qəzlar mart ayında başlayacaq yeni tədris ilindən etibarən məktəbə gedə biləcəklər. Onlar qızların təsili üçün “təhlükəsiz mühit” yaratmaq və 200 mindən çox müəllimin maaşlarını ödəyə bilmək məqsədilə tədbirlər gördüklərini bildirir.