Accessibility links

Taliban Əfqanıstan hərbi qüvvələrinin təlim düşərgəsinə hücum edib


Əfqanıstan Müdafiə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, Taliban bazar ertəsi ölkənin mərkəzindəki Meydan Vardak vilayətində hərbi bazaya etdiyi hücum zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin azı 126 əsgərini qətlə yetirib. “Bizdə olan məlumata görə, hərbi bazanın təlim mərkəzində həyata keçirilən bomba hücumu zamanı səkkizi xüsusi təyinatlı desant olmaqla, 126 əsgər ölüb” - deyə, Kabildəki Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

Rəsmi nümayəndə bazar ertəsi səhər saatlarında, hücumçuların partlayıcı maddələrlə dolu maşını Meydan Vardak vilayətinin Meydan Şəhr şəhərindəki Milli Təhlükəsizlik Direktoratının təlim düşərgəsinə daxil olduqdan sonra partlatdıqlarını bildirib. Partlayışdan dərhal sonra isə iki silahlı şəxsin düşərgəyə daxil olaraq, əsgərləri güllə atəşinə tutduğu, atışma başladıqdan sonra isə onların hər ikisinin öldürüldüyü bildirilib.

Müdafiə Nazirliyinin rəsmisi Taliban yaraqlılarının hərbi düşərgədə partlatdıqları maşının Əfqanıstan ordusundan oğurladıqları ABŞ istehsalı Humvee zirehli maşını olduğunu deyib.

Meydan Vardakdakı ikinci mənbənin də bildirdiyinə görə, Milli Təhlükəsizlik Direktoratının düşərgəsində 100-dən çox əsgər öldürülüb.

Paytaxt Kabil və Meydan Vardak vilayətində hökumət rəsmiləri ölənlərin sayını gizlətdikləri ilə bağlı suala cavab verməkdən imtina ediblər.

Daxili İşlər Nazirliyində yüksək səviyyəli iki rəsmisi bildirib ki, tələfatlarla bağlı rəqəmlər hərbi qüvvələrdə iğtişaşın qarşısını almaq məqsədilə açıqlanmayıb.

XS
SM
MD
LG