Accessibility links

ABŞ Talibanın Ramazan bayramında ümummilli atəşkəs fikrini alqışlayıb


Amerika Birləşmiş Ştatları mayın 10-da Talibanın Ramazan Bayramında Əfqanıstanda ümummilli atəşkəs elan etməsi fikrini alqışlayıb və Vaşinqtonun İslamçı qiyamçılarla Əfqanıstan liderlərinin "mənasız zorakılıqlara" son qoyulması ilə bağlı danışıqlar çağırışını təkrarlayıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında şənbə günü Əfqanıstanın paytaxtı Kabildəki qız məktəbinə edilən bomba hücumunu pisləyib.

“Həftə sonu həyata keçirilən bomba hücumu barədə hələ çox şey məlum deyil. Lakin bunun Talibanınh deyil, İŞİD-in edə biləcəyinə dair bəzi əlamətlər var” - deyə, Prays bildirdi.

"Hələ nəyin və ya kimin məsuliyyət daşıdığı araşdırılır, lakin qeyd etmək istəyirəm ki, İŞİD əvvəllər də Kabildə şiə icmalarına qarşı oxşar hücumlarda məsuliyyər daşımışdı" - deyə, əlavə edib.

Kabil məktəbində bomba hücumu
Kabil məktəbində bomba hücumu

Hücum İslam Dövlətinin dəfələrlə məktəblərə, tibb müəssisələrinə və şiələrin ibadətgahlarına qarşı hücumlar təşkil etdiyi Daşt-e-Barçidə, Kabilin Hazara şiə müsəlmanlarının çoxluq təşkil etdiyi rayonunda həyata keçirilib. Hücum zamanı əsasən məktəbli qızlar olmaqla, azı 60 nəfər ölüb.

Əfqanıstan rəsmiləri çoxu şagirdlər olmaqla, azı 150 nəfərin yaralandığını bildirib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Əfqanıstan hökuməti bu zorakılıqda Taliban hərəkatını günahlandırsa da, qrup hücumla heç bir əlaqəsi olmadığını deyir.

"Taliban qruplaşması hücumla əlaqəsi olduğu ilə bağlı fikirləri rədd edir və biz yaxınlaşan bayram münasibəti ilə üç günlük atəşkəs elanını alqışlayırıq. Biz Talibanı atəşkəsi uzatmağa və zorakılıqların əhəmiyyətli dərəcədə azaldılmasına çağırırıq. Hamımız yaxşı bilirik ki, zorakılığa qayıtmaq mənasız və faciəli olacaq. Zorakılığın Talibana qanunilik və ya davamlılığını təmin edə bilməyəcəyini xatırladırıq” - deyə, Prays bildirib.

Kabildə baş verən partlayış ABŞ və NATO qoşunlarının prezident Co Baydenin göstərişi ilə sentyabrın 11-nə qədər Əfqanıstandan tamamilə çıxarılmasından sonra daha çox xaos və qan tökülməsi qorxusunu artırıb.

Bazar ertəsi Əfqanıstan Prezidenti Əşrəf Qani milli təhlükəsizlik qüvvələrinə bu həftə Ramazan ayının sona çatdığı üç günlük Qurban bayramında atəşkəsə əməl etmələri əmrini verib.

Bu addım Taliban rəhbərliyinin üsyançı döyüşçülərinə “düşmənə qarşı bütün əməliyyatları dayandırmaq” barədə göstərişindən bir gün sonra atılıb.

Son həftələr Əfqanıstanda döyüşlər vüsət alıb və müşahidəçilər bu müvəqqəti atəşkəsi müharibədən bezmiş əfqanlar üçün böyük bir rahatlıq kimi qiymətləndirir.

Taliban əvvəllər də bayram zamanı əməliyyatlarını dayandırıb, lakin atəşkəsin uzadılması çağırışlarına məhəl qoymayıb və üç günlük şənliklərdən dərhal sonra döyüşlərə başlayıb.

XS
SM
MD
LG