Accessibility links

Taliban Əfqanıstanın İranla sərhəd bölgəsinə nəzarəti ələ aldığını iddia edir


Hökumət qüvvələrinın böyük itkilər verməsindən sonra Taliban Əfqanıstanın qərb, İranla sərhəd yaxınlığındakı vilayətinin nəzarətini ələ alıb.

Yerli hökumət sözçüsü Taliban yaraqlılarının Fətəh vilayətinin Anar Dəra bölgəsinə hücum edərək, hökumət qərargahını "qismən" ələ keçirdiyini bildirib.

Nasir Mehdi Amerikanın Səsinə deyib ki, bölgədə hələ də şiddətli döyüşlər gedir, belə ki, hökumət qüvvələri hərbi bazaları və Milli Təhlükəsizlik İdarəsinə aid binaların nəzarətini əlində saxlamağa çalışır.

Vilayətə havadan yardım və əlavə qüvvələr göndərilsə də, Talibanın Əfqanıstanın dağlıq Anar Dəra bölgəsinə gedən bütün yolları minalaması quruda əlavə qüvvələrin döyüş zonasına çatmasını çətinləşdirib.

Daxili İşlər Nazirliyinin sözçüsü döyüşlər zamanı təhlükəsizlik qüvvələri arasında azı 8 nəfərin, hava hücumları zamanı isə təxminən 60 yaraqlının öldüyünü bildirib.

Taliban isə rayon mərkəzinin, polis baş idarəsinin və ətraf bölgələrin nəzarətini tam əlinə aldığını iddia edir.

Taliban sözçüsü Qari Yusuf Əhmədi 15 əsgərin öldürüldüyünü və orduya aid hərbi texnikanın ələ keçirildiyini deyib. Taliban eləcə də döyüşçülərinin şəhərdəki küçələrdə patrul xidməti çəkdiyi şəkilləri yayımlayıb.

Lakin hər iki tərəfin döyüşlərlə bağlı iddialarının müstəqil mənbələr tərəfindən yoxlanılması çətinlik doğurur.

XS
SM
MD
LG