Accessibility links

Taliban Əfqanıstanda Amerikanın Səsi və BBC xəbərlərinin yayımını qadağan edib


Amerikanın Səsinin puştu dilində vebsəhifəsi

Taliban Əfqanıstandakı özəl televiziya stansiyalarına VOA (Amerikanın Səsi) və BBC-nin xəbər proqramlarını yayımlamağı qadağan edib.

Bu qadağa keçən ilin avqustunda ölkəyə nəzarəti ələ keçirən islamçı qrupun ölkədəki ifadə azadlığını boğmaq üçün əfqan mediasına tətbiq etdiyi növbəti məhdudiyyətlərdəndir.

Qərargahı Vaşinqtonda yerləşən Amerikanın Səsi proqramlarının efirdən çıxarıldığına görə Talibanı qınayıb.

“Biz Talibana bu narahatedici və zərərli qərarı yenidən nəzərdən keçirməsi üçün müraciət edirik”- deyə, Amerikanın Səsinin direktor əvəzi Yolanda Lopez bazar günü dərc edilən bəyanatda bildirib. “Talibanın tətbiq etməyə çalışdığı məhdudiyyətlər Əfqanıstan xalqının layiq olduğu ifadə azadlığına ziddir”, Lopez əlavə edib.

ABŞ yayımçısı Əfqanıstandakı tərəfdaşları TOLO news və Shamshad TV üçün həftədə beş dəfə ölkədə danışılanan iki əsas dil - puştu və dari dillərində yarım saatlıq xəbər bülleteni hazırlayır.

Lopez əlavə edib ki, “Talibanın ölkədəki televiziya tərəfdaşlarımıza qoyduğu qadağadan həm məyus olsaq, həm də kədərlənsək də, Əfqanıstan xalqına faktlara əsaslanan məlumatlar təmin etmək öhdəliyimizə görə, Amerikanın Səsi televiziya, radio, www.pashtovoa.com və www.darivoa.com ilə internet, o cümlədən sosial media vasitəsilə işinə davam edəcək.”

BBC World Service-in dillər üzrə rəhbəri də onların xəbər bülletininin Əfqanıstanda qadağan edilməsinə münasibət bildirib.

“Talibanın bizim televiziya tərəfdaşlarımıza beynəlxalq yayımçıları efirdən çıxarılması ilə bağlı qadağasından sonra BBC-nin puştu, fars və özbək dillərində olan xəbər bülletenləri Əfqanıstanda yayımdan götürülüb” - deyə, Tarik Kafala bazar günü paylaşılan bəyanatda bildirib.

"Bu, Əfqanıstan xalqı üçün qeyri-müəyyənlik və təlatümlü bir zamanda narahatedici bir hadisədir", Kafala bildirib.

O əlavə edib edib ki, “altı milyondan çox əfqan hər həftə televiziyada BBC-nin müstəqil və tərəfsiz yayımına müraciət edir və onların gələcəkdə bu məlumatlara çıxışının qadağan edilməməsi çox önəmlidir.”

Taliban informasiya nazirliyinin sözçüsü Əfqanıstan kanallarına beynəlxalq yayımçıları televiziyaa yayımından çıxarmaq əmri verib-verməmələri ilə bağlı şərh istədikdə, o Amerikanın Səsinə bu barədə məlumat topladıqdan sonra geri dönəcəyini bildirib.

Yerli və beynəlxalq tənqidçilər Əfqanıstanda Taliban hakimiyyəti dövrü media və söz azadlığı ilə bağlı vəziyyətinin pisləşdiyini bildirirlər.

Əfqan jurnalistlər dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, zorakılığa məruz qalıblar. Talibanın keçid hökuməti İslam doktrinasının interpretasiyasına müvafiq “jurnalistika qaydaları” nəşd edib.

Dekabr ayında Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonra 40 faizə qədər Əfqanıstan mediasının yoxa çıxdığını və 80 faizdən çox qadın jurnalistlərin işini itirdiyini göstərən sorğu nəticlərini yayımlayıb.

Sorğu nəticəsində məlum olub ki, paytaxt Kabildə və ölkənin digər hissələrində jurnalistlər üçün mühit “olduqca ağır” olub. Tənqidçilər deyirlər ki, yerli jurnalistlərin sərbəst işləməsi üçün mühit sorğunun dərc edildiyi vaxtdan daha da pisləşib.

Avqust ayından etibarən yüzlərlə jurnalist Taliban repressiyalarından qorxaraq və ya yeni hakimiyyət dövründə peşə fəaliyyətlərinin icrası ilə bağlı problemlərə görə Əfqanıstanı tərk edib.

RSF-nin sorğusuna əsasən, avqustun 15-də Taliban Əfqanıstanın paytaxtı Kabilə nəzarəti ələ keçirdikdən sonra 6400-dən çox jurnalist və media işçisi işindən məhrum olub.

Amerikanın Səsi və BBC proqramlarına qadağa Talibanın yeniyetmə əfqan qızları üçün məktəbləri qapalı saxlamasına görə artan beynəlxalq təzyiq və qınama ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Taliban qış fasiləsindən sonra 23 mart tarixində Əfqanıstanın əksər əyalətləri üçün tədris ilinin əvvəli hesab olunan tarixdə orta məktəbləri yenidən açıb.

Lakin Taliban məktəb uniformaları daxil olmaqla, şəriət və İslam qaydaları müvafiq şəraitin yaradılmadığını əsas gətirərək son anda de fakto altıncı sinifdən yuxarı olan qızalara məktəbə qayıtmasına icazəyə qarşı qərar qəbul edib.

Əfqan qadın hüquq müdafiəçiləri və qızlar şənbə günü küçələrə çıxaraq, Talibandan məktəblərin qızlar üçün açılmasını tələb ediblər. Onlar hakimiyyətin bir həftə ərzində qızlar üçün məktəbləri açmadığı halıda, ölkəni əhatə edəcək etiraz dalğasına başlayacaqlarına söz veriblər.

Beynəlxalq ictimaiyyət insan haqları, terrorizm və Kabildə yalnız kişilərdən ibarət hökumətdə inklüzivliyin olmaması ilə bağlı davam edən narahatlıqları əsas gətirərək, indiyədək Talibanı Əfqanıstanın legitim hakimiyyəti kimi tanımayıb.

XS
SM
MD
LG