Accessibility links

Taliban dörd qadının qətlini araşdırır


Taliban rəsmiləri dörd qadın, o cümlədən hüquq müdafiəçisinin qətlində şübhəli bilinən iki kişinin həbs edildiyini təsdiqləyiblər. Onların cəsədləri ötən həftə Əfqanıstanın şimlaında bir evdə tapılıb.

Daxili İşlər Nazirliyinin sözçüsü şənbə günü Kabildə deyib ki, saxlanılanlar ilkin dindirilmədə qurbanları Məzari-Şərifdəki evə dəvət etdiklərini etiraf ediblər.

Qari Səid Xosti şübhəlilərin nə qətlləri etiraf edib-etmədiklərini nə də qurbanları və ya məqsədlərinin nə olduğunu açıqlayıb-açıqlamadıqlarını bildirməyib. “Əlavə istintaq aparılır və iş məhkəməyə göndərilib” – deyə, Xosti Twitter-də yaydığı video bəyanatda bildirib.

Öldürülən fəalın Məzari-Şərifdə 29 yaşlı universitet müəllimi Frozan Safi olduğu bildirilir. Safinin işlədiyi Zainuddin Məhəmməd Babar Mdəniyyət Mərkəzinin direktoru Saəid Əzim Sədatın dediyinə görə, o, islamçı Taliban avqust ayında Əfqanıstana nəzarəti ələ keçirəndən sonra ölkəni tərk etməyə çalışıb.

Sədat Associated Press-ə bildirib ki, Safi evini üç həftə öncə onun Əfqanıstandan evakuasiyasını yüngülləşdirəcəyini iddia etdiyi bir nəfərlə görüşmək üçün tərk edib. Digər üç qadının da bənzər təklif aldığını və eyni evə dəvət edildikləri, daha sonra isə orada ölü tapıldıqları bildirilir.

Talibanın Kabildə Qərbin dəstəklədiyi hökumətə və ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələrin hərbi müdaxiləsinə qarşı 2o il qiyam yürütdükdən sonra hakimiyyətə qayıtması insan haqları pozuntuları və qisasla bağlı narahatlıqları artırıb.

Birləşmiş Ştatların başçılığı ilə Qərbin fövqəladə təxliyyəsi nəticəsində on minlərlə insan, o cümlədən vətəndaş cəmiyyəti fəalları və xarici vətəndaşlar Amerika və NATO qoşunları avqustun sonunda ölkədən çıxmadan öncə Əfqanıstanı tərk edə biliblər.

Taliban liderləri etibarlı pasportları və vizaları olan əfqanların ölkəni tərk etmələrinə əngəl olmayıb və qlobal ictimaiyyətə bütün əfqanların, o cümlədən qadılar və azlıqların hüquqlarını İslam qanunları çərçivəsində qoruyacağına zəmanət verib.

Lakin tənqidçilər Talibanın ictimai vədlərini yerinə yetirib-yetirməyəcəklərinə skeptik yanaşırlar.

Human Rights Watch təşkilatı bildirib ki, Talibanın yardım işçisi olaraq çalışan qadınlara tətbiq etdiyi limitlər Əfqanıstanın böyük bir hissəsində ehtiyac olan humanitar yardımı blok edir.

Təşjilat bildirir ki, ölkə vilayətlərinin əksəriyyətində yardım işçiləri yalnız kişi ailə üzvləri tərəfindən müşayiət edildiyi təqdirdə işləyə bilirlər. Ölkədəki 34 vilayətdə yalnəz üçündə qadın yardım işçilərinin qeydsiz-şərtsiz çalışmalarına icazə verilir.

Taliban 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə ikən qadınlar evlərini müşayiyət olunmadan tərk edə, qızlar isə təhsil ala bilmirdilər.

Taliban avqust ayında hakimiyyəti ələ keçirəndən bəri orta məktəbləri oğlanlar üçün açıb, amma onlar Əfqanısta qızların çoxunun məktəbə getmələrinin qarşını alıb.

Taliban rəsmiləri qızların təhsil almalarına icazə verməyəcəklərinə dair narahatlıqları rədd edərək, müvafiq idarələrin qızların “təhlükəsiz və sağlam bir mühitdə” təhsil fəaliyytlərini davam etdirmələrini təmin etmək üçün addımlar atdıqlarını bildirib.

XS
SM
MD
LG