Qiyamçılar Qəzni şəhərinə çoxtərəfli hücum başladandan bir gün sonra Əfqanıstan qüvvələri şənbə ölkənin şərqində yerləşən bu şəhərin bəzi hissələrində hələ də Talibana qarşı döyüşür.
Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danış deyib ki, hücum cümə günü başlayandan bəri azı 25 təhlükəsizlik qüvvəsi öldürülüb ya da xəsarət alıb. Mülki vətəndaşlar arasında tələfatla bağlı heç bir məlumat yoxdur. Danış 150-dən çox qiyamçının öldürüldüyü və ya yaralandığını bildirib.
O deyib ki, döyüşlər hələ davam etsə də, “vəziyyət nəzarət altındadır və heç bir ciddi təhlükə yoxdur”.
“Şəhərin ələ keçirilməsinə səbəb olacaq hər hansı təhlükə aradan qaldırılıb” – o əlavə edib.
Taliban şəhərin bəzi hissələrini ələ keçirdiyini və yerli rəsmiləri öldürdüyünü iddia edir. Mediada yer alan bəyanatlarında qrup onlarla zirehlı maşını, habelə yüngül və ağır silah və sursat ələ keçirdiyini bildirib. Onlar Qəznidəki mərkəzi həbsxananı və məhbusları “azad etdiyini” söyləyib.
Bu iddiaları təsdiq etmək mümkün olmayıb, çünki Taliban yaxınlıqda yerləşən rabitə qülləsini məhv edərək, şəhərə telefon çıxışını kəsib. Qiyamçılar həmçinin yerli televiziya kanalının baş qərargahını yandırıb. Bu da Qəznidən görüntülər yayımlamağı çətinləşdirib.
Təxminən 140 min sakini olan şəhərdə insanlar artıq ikinci gündür evlərindən bayıra çıxmır və şəhərdə bəzən silah səslərinin eşidildiyi bildirilir. Kabildən Əfqanıstanın cənub vilayətlərinə gedən və Qaznidən keçən avtomagistral hələ də bağlıdır.
Qəzni Əfqanıstanın cənub və şərqində Talibanın böyük təsiri olan hissələrini Kabilə bağlayan şəhərdir. Taliban etnik paştuların yaşadığı vilayətinin bpyük bir hissəsinə nüfuza malikdir, hökümətin nüfuzu isə etnik Hazaraların yaşadığı kiçik ərazilər və Qəzni ilə məhduddur.
NATO və Birləşmiş Ştatlar 2014-cü ildə rəsmi olaraq döyüş missiyasını başa çatdırandan sonra Taliban ölkə boyu hücumların sayını artırıb. ABŞ və NATO qüvvələri 17 ildir davam edən müharibə çərçivəsində Əfqanıstanda yerli orduya dəstək və təlim vermək məqsədilə qalır.