Taliban üç yüksək səviyyəli komandirinin azadlığa buraxması müqabilində çərşənbə axşamı uzun müddətdir girov saxladığı iki qərblini sərbəst buraxıb.
Üsyançı qruplaşma ilə əlaqəsi olan mənbələrin bildirdiyinə görə, amerikalı Kevin Kinq və avstraliyalı Timoti Viks ölkənin cənubundakı Zabul vilayətində sərbəst buraxılıb. Kabildəki Amerika Universitetində dərs deyən hər iki professor üç il əvvəl universitetin yaxınlığında qaçırılmışdı.
Professorlar Talibanın üç komandirinin məhbus mübadiləsi çərçivəsində Qətərə yola salınmasından bir neçə saat sonra azad edilib.
Prezident Əşrəf Qani çərşənbə axşamı televiziya ilə yayımlanan çıxışında iki girovun mübadilisə nəticəsində sərbəst buraxılacaq üç Taliban liderinin adını açıqlayıb. “Üç məhbus Vali Xanın oğlu Hacı Mali Xan, Məhəmməd Ömərin oğlu Əbdül Rəşid və Cəlaludinin oğlu Anas Haqqanidir” - deyə, Qani bildirib.
Sərbəst buraxılan üç Taliban komandirindən biri Talibanla əlaqəsi olan və adını daşıdığı terror şəbəkəsi liderinin qardaşı Anas Haqqanidır.
Anas Haqqani, Taliban komandirləri Hacı Mali Xan və Hafiz Rəşid Əfqanıstan hökuməti tərəfindən 2014-cü ildə həbs edilib.
Mübadilənin Talibanla Birləşmiş Ştlatlar arasında sentyabr ayından bəri dayandırılan sülh danışıqlarının bərpasına gətirib çıxara biləcəyi gözlənilir.