ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Talibanın vəd etdiyi yeddi günlük "zorakılığın azaldılmasına" dair razılığının cümə günü gecə qüvvəyə minəcəyini bildirsə də, dəqiq vaxt barədə məlumat verməyib. Bu ayın sonunda isə Talibanla ABŞ arasında sülh razılığının imzalanacağı gözlənilir.
Fevralın 29-da Qətərin Doha şəhərində imzalanacaq sülh razılığı ABŞ-ın qoşunlarını ölkədən çıxarmasına və Əfqanıstan daxilində tərəflərin danışıqlar aparmasına zəmin yaradacaq. ABŞ dövlət katibi Mayk Pompeo sülh razılaşmasının davamlı atəşkəsə gətirib çıxaracağını deyib.
"Biz razılığın fevralın 29-da imzalanmasına hazırlaşırıq. Bundan qısa müddət sonra Əfqanıstan daxilində danışıqlar başlayacaq və bu danışıqlar hərtərəfli və davamlı atəşkəsə, eləcə də Əfqanıstanın gələcək siyasi yol xəritəsinin yaradılması üçün təməl addım olacaq" - deyə, Pompeo bildirib.
Dövlət Departamentinin rəsmisi razılıq barədə adının anonim qalması şərtilə danışıb.
Lakin belə görünür qarşıdakı yol çətinliklərlə doludur.
Müharibə şəraitində olan ölkədə davamlı bir sülh yolunun tapılmasının əsas şərti hesab edilən Əfqanıstan daxilindəki danışıqlarda Kabili kimin təmsil edəcəyi hələ məlum deyil. Əfqanıstan seçki komissiyası bu həftənin əvvəlində prezident Əşrəf Qaninin sentyabrda keçirilən prezident seçkilərinin qalibi olduğunu elan etsə də, rəqibləri onun qələbəsini inkar edib.
Qani hökuməti ilə danışıqlar aparmaqdan imtina edən və seçkilərin nəticələrini pisləyən Talibanhökumət nümayəndələri ilə sıravi adi əfqanlar kimi danışıqlar aparacağını deyib.