Accessibility links

Tarif Şurasının əhali abunəçilərə satılan təbii qazın qiymətini artırmasına tənqidi baxışlar


Azərbaycan Tarif Şurasının iyunun 30-da müəyyən qrup abunəçilər üçün təbii qazın qiymətini artırması geniş tənqidlərə yol açıb. İnsanlar ictimai müzakirələrdə və sosial şəbəkələrdə hökumətin qərarını kəskin tənqidə məruz qoyub. Ekspertlər və müxalif siyasi liderlər də hökumətin qərarının əhalinin sosial durmuna ağır təsir edəcəyini bildirir.

Tarif Şurasının qərarında deyilir ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İqtisadçı Nemət Əliyev Facebook səhifəsidnə yazır ki, "bahalaşma qərarı verənlərin gözləri ayaqlarının altını görmür".

Tarif Şurasının qərarı birmənalı şəkildə ölkədə pisləşmiş həyat səviyyəsini daha da ağırlaşdıracaq.
Nemət Əliyev, iqtisadçı

“İndiki şəraitdə təbii qazın və elektrik enerjisinin qiymətlərini bu dərəcədə qaldırmaq odla oynamaq kimi bir şeydir. İdxal malları 27%, ümumi məhsul bazarı 20%, istehlak bazarları 16% bahalaşıbsa və üstəlik də ölkədə orta aylıq əmək haqqı 2%-ə yaxın düşübsə, hökumət təbii qazın və elektrik enerjisinin bahalaşdırılması istiqamətində deyil, əmək haqlarının artırılması istiqamətində addım atmalı, rəqabət qabiliyyətli yeni iş yerlərinin açılması yönündə hərəkətə keçməliydi. Bu göstəricilərin müqayisəsi əhalinin sosial vəziyyətinin nə dərəcədə acınacaqlı olmasını çox bariz şəkildə ortaya qoyur. Belə vəziyyətdə bahalaşma qərarı vermək əhalini yerə vurmaq deməkdir. Tarif Şurasının bu qərarı birmənalı şəkildə ölkədə pisləşmiş həyat səviyyəsini daha da ağırlaşdıracaq,” o qeyd edib.

Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev hesab edir ki, bu tarif gələcəkdə mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqinin daha da artmasına gətirib çıxaracaq. O bildirib ki, qazın qiyməti ilə bağlı qeyri-əhali abonentləri üzrə tariflərdə də dəyişiklik edilib.

Bu, çox müsbət dəyişiklikdir. Əhali tərəfindən bizə dəfələrlə müraciətlər olunurdu ki, mərkəzi istilik sistemləri olan MTK-lar, yaşayış məntəqələrində, “Azəristiliktəchizat”a qazın veriliş qiymətində müəyyən dəyişiklik olsun.
Ruslan Əliyev, "Azəriqaz"ın baş direktoru

“Bu, çox müsbət dəyişiklikdir. Əhali tərəfindən bizə dəfələrlə müraciətlər olunurdu ki, mərkəzi istilik sistemləri olan MTK-lar, yaşayış məntəqələrində, “Azəristiliktəchizat”a qazın veriliş qiymətində müəyyən dəyişiklik olsun. Mərkəzi istilik sistemi olan yaşayış binalarında, o cümlədən “Azəristiliktəchizat”a verilən qazın qiyməti 1 kubmetr üçün 20 qəpik idi, yəni 1000 kubmetr üçün 200 manat idi. Lakin yeni tariflə bu qiymət aşağı salınıb. Yeni tariflə artıq qiymət 20 qəpik deyil 13 qəpikdir,” Ruslan Əliyev qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində yazıb ki, "Əliyev-Paşayev rejiminə xidmət edən yeni komandanın hədəfləri köhnə komandanın hədəfləri ilə eynidir".

Yeni komandanın hədəfləri köhnə komandanın hədəfləri ilə eynidir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Bütün düşüncə əvvəllər də olduğu kimi milli sərvətləri, xalqı talan etməklə dövlət büdcəsinə toplanan vəsaitlərin artırılması və dövlət büdcəsindən daha böyük həcmdə oğurlanması yollarının tapılmasına, məlum üsulların təkmilləşdirilməsinə yönəlib.

Əgər əvvəlki illərdə bu işlə adını yaza bilməyən, saxta universitetlərin saxta diplomlarını almış diletantlar məşğul idisə, indi Harvard, Oksford təhsilli peşəkarlar məşğuldur. İndikilər daha təhlükəlidir,” o qeyd edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, yaxın zamanlarda elektrik enerjisi, ictimai nəqliyyatda gediş haqqları da artırılacaq.

O Facebook səhifəsində yazır ki, Azərbaycan Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarovun imzası ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Şuraya müraciəti əsasında əhali qrupu üçün qazın qiyməti bahalaşdırılıb, hətta ən yüksək tarif sənaye və kənd təsərrüfatı müəssisələrindən də 5 qəpik baha təyin edilib.

Qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Bu artımdan ən çox təsirlənən əhali qrupu indiyə qədər 2200 kub metrə qədər qaz və 1200 kub metrdən çox qaz istehlakı olan əhali qrupu olacaq. Onlar bundan sonra 1200 kub metrdən 2200 kub metrə görə qazın hər kubuna əvvəlki kimi 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir, onlar üçün əvvəlki qiymət 1 qəpik bahalaşıb,” iqtisadçı qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qənaətincə, "İlham Əliyev hökumətinin qazın və elektrik enerjisinin qiymətini yenə qaldırması onun xalqla bağlarını tamam qopardığını nümayiş etdirdi."

“Göstərdi ki, hakimiyyət insanların ilyarımdır davam edən pandemiya, kütləvi işsizlik şəraitində nə qədər yoxsul vəziyyətə düşdüyünü dərk edə bilmir, xalqın yaşadığı sosial çətinliklərə biganədir. İlham Əliyev özü də etiraf etmişdi ki, dövlət şirkətləri korrupsiya yuvasıdır. Bugünkü qərarı ilə isə o, həmin korrupsiya yuvalarında təmizləmə aparmaqdansa, milyonların, milyardların korrupsiya vasitəsilə sovrulmasının qarşısını almaqdansa, korrupsionerlərin xərclərini tam olaraq xalqın üzərinə qoydu. Dövlət şirkətlərinin zərərlə işləməsinin səbəbi məhz həmin korrupsionerlərin oğurluqlarıdır. Onların tamahı onsuz da azalmayacaq və belə çıxır ki, bu hökumət də sona qədər korrupsionerlərin xərclərini xalqın üzərinə yükləməyə qərarlıdır.”

Hakimiyyəti belə antixalq qərarlar verməyə bizim susqunluğumuz, hüquqlarımızın əlimizdən alınması ilə barışmağımız sövq edir
Əli Kərimli, AXCP sədri

AXCP hesab edir ki, qəbul edilən qərarlarda xalqın da məsuliyyət payı var.

“Əgər son aylarda suyun, kanalizasiya xidmətinin, yanacağın qiymətlərinin qalxmasına xalq olaraq kütləvi narazılığımızı ifadə etsəydik, hakimiyyətdən öz hüquqlarımızı, o cümlədən sosial hüquqlarımızı kütləvi şəkildə tələb etsəydik, o da bugünkü antixalq qərarları verməyə cəsarət etməzdi. Hakimiyyəti belə antixalq qərarlar verməyə bizim susqunluğumuz, hüquqlarımızın əlimizdən alınması ilə barışmağımız sövq edir,” o belə düşünür.

İctimai fəal Bəxtiyar Hacıyevin fikrincə, yaxın gələcəkdə ictimai nəqliyyat üçün qiymətləri də qaldıracaqlar.

Sanki dövlət büdcəsi vətəndaşın belinə yüklənir. Artan tariflər, cərimələr hesabına. Vətəndaşın cibinə isə artan heç nə gəlmir.
Bəxtiyar Hacıyev, ictimai fəal

“Öz pomidor istixanalarına zərər gəlməməsi üçün "kənd təsərrüfatının dirçəlişi" adı altında özlərinin aldıqları qazın qiymətini qaldırmadılar. Pensiya yaşı artırılır, insanlar pensiya yaşına çatmamış dünyalarını dəyişirlər. Məhkəmələrə müraciət üçün rüsumlar artırılır, yeni cərimələr düşünürlər, cərimə məbləğləri aşağı salınmır, güzəştlər edilmir. Yeni iş yerləri yaradılmır, dövlət büdcəsindən maliyyələşən işçilərin maaşları artırılmır. Sanki dövlət büdcəsi vətəndaşın belinə yüklənir. Artan tariflər, cərimələr hesabına. Vətəndaşın cibinə isə artan heç nə gəlmir. Vətəndaşlar belə qərarlara haha-hihi etməyə son verib, "belimiz qırıldı daha" deyib küçələrə çıxmayana qədər belə də davam edəcəklər. Vətəndaşdan yığıb, sorub, dövlət büdcəsinə yığacaqlar, oradan da milyon-milyon tenderlərlə öz ciblərinə. Aksiyalar başlamasa, bizi daha pis günlər gözləyəcək!” o, Facebook səhifəsində yazıb.

Facebook istifadəçisi Ramin Məcidli yazır ki, bu qərarla xəstəyə "ölün" demək istəyirlər.

“Deyir ölkədə kasıb qalmasın, hamısı soyuqdan, acından qırılsın. Bunların milyonluq saatlarının pulunu bu qara camaat verib qutara bilməyəcək,” o qeyd edib.

Qafaq Ağayev adlı Facebook istifadəçisi bildirir ki, həyət evlərində limiti keçməyənə mükafat vermək lazımdır.

“Biz artıq 25 qəpikdən ödəyəcəyik.”

Buna bir əncam cəkilməlidir, əhalinin coxunun qaz pulunu ödəməyə gücü catmayacaq
Elşən Məmmədov, facebook istifadəçisi

Elşən Məmmədov yazır ki, o yay aylarında qışda qazdan istifadə nəticəsində yığılan borclarını ödəyir.

“Bax, indi 50 manat ödədim. Qışdan 143 manat borc qalmışdı. Görün qışda necə olacaq, soyuqdan camaat donacaq. Buna bir əncam cəkilməlidir, əhalinin coxunun qaz pulunu ödəməyə gücü catmayacaq,” o qeyd edib.

Teymur Sultanov yazır ki, qazin limitinin azaldılmasi dəhşətdir.

“Onsuz da əvvəl də limit bitirdi. İndi lap tez, uzağı iki aya limit bitəcək. Əvvəl ayda 50 manat ödəyirdiksə, indi yüz manat ödəyəcəyik. Həyət evində qalanların, kombi işlədənlərin hamısı limiti keçəcək. Deyirlər, təsir etməyəcək. Düz deyil. Həyət evlərinin hamısı villa deyil. İmkanı zəif olanların, demək olar ki, hamısı həyət evlərində yaşayır və kombi işlədir,” Facebook istifadəçisi qeyd edir.

Hüquqşünas Əlsəgər Məmmədli bidlirib ki, ardıcıl olaraq ilin əvvəlindən qiymətləri durmadan artıran hökumət, elə bil cəmiyyətin əsəblərini sınağa çəkir.

Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriki, suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır.
Ələsgər Məmmədli, hüquqşünas

“Ölkə əhalisinin böyük əksəriyyəti işsizdir. Pandemiya il yarımdır hər kəsin imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriki, suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır. Bu arada çörək də ilin əvvəlindən 20 faiz bahalaşıb. Belə olmaz!” hüquqşünas yazıb.

Yerli medianın məlumatına görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kub metr həcmində təbii qaz satıb.

Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 145 dollar və ya (247 manat) olub.

Hesabat dövrü ərzində Azərbaycan təbii qazın 1000 kub metrini Türkiyəyə 137 dollara (230 manat), Gürcüstana 131 dollara (220 manat), İrana isə 38 dollara (65 manat) satıb.

Azərbaycanda əhaliyə təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün satış qiyməti 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir
Yenicag,az saytı

Bu isə o deməkdir ki, Türkiyəyə satılan 1 kub metr təbii qazın gömrük dəyəri 23 qəpik, Gürcüstana satılan təbii qazın qiyməti 22 qəpiyə, İrana satılan təbii qazın qiyməti 6,5 qəpiyə bərabərdir.

“Qeyd edək ki, bu gün Tarif Şurası əhaliyə satılan təbii qazın tariflərin artırılması barədə qərar verib. Qərara görə, 1 iyul 2021-ci il tarixindən etibarən təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif 1 kub metr üçün 10 qəpik, 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Göründüyü kimi, Azərbaycanda əhali təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir,” Yenicag.az saytı yazıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG