The Diplomat jurnalında “Tayvan ordusu Ermənistan-Azərbaycan müharibəsindən nələr öyrənə bilər” başlıqlı yazı dərc edilib. Müəllif ABŞ Hava Qüvvələrinin Çin/Koreya üzrə müşaviri Erik Çan Tayvanın Azərbaycanla Ermənistan qüvvələri arasında baş verən müharibədən dronlar, maketlər və çevik düşüncənin rolu haqda dəyərli nəticələr çıxara biləcəyini qeyd edir.
Dronlardan istifadə
Çan yazır ki, ilk nəticə odur ki, pilotsuz uçuş aparatları (PUA) sayəsində quru qüvvələrinin lokal səviyyədə özündə güclü hava qüvvələrinin elementlərini ucuz şəkildə əks etdirməsi mümkündür.
O, misal olaraq bildirir ki, Azərbaycan kamikaze dronlarından, orta-mənzilli idarə olunan raketlər və artilleriya ilə birgə kəşfiyyat PUA-larından istifadə edərək rəqib üçün dağıdıcı olan nəticələrə nail oldu.
“Hücumlar istehkamlanmış düşmənin sabit komandanlıq postlarını, logistika mərkəzlərini və toplaşma ərazilərini məhv etdi, ermənilərin müdafiəsini xeyli zəiflətdi,” o yazır.
Çanın sözlərinə görə açıqa çıxan ağır texnikanın aqibəti daha pis oldu. Belə ki, erməni qüvvələrin 240 tankı məhv edildi və ya ələ keçirildi.
“Ermənilərin zirehlilərinin və mexaniki qüvvələrinin məhv edilməsi Azərbaycanın xüsusi əməliyyat qüvvələrinin artilleriyanın dəstəyi ilə dağlıq müdafiə nöqtəsi olan Şuşanı ələ keçirməsi üçün kritik oldu ki, bu da müharibəyə son qoydu,” müəllif qeyd edir.
Maketlərdən istifadə
Çanın dediyinə görə, Dağlıq Qarabağ müharibəsindən çıxarılan digər nəticə odur ki, Azərbaycan Ermənistanın hava müdafiəsini və artilleriyasının yerini müəyyən etmək üçün pilotsuz qoşaqanadlı AN-2 (kukuruznik) təyyarələrindən tələ kimi istifadə etdi. Bu tələlər aşağı texnologiyalı idi: pilotlar sadəcə olaraq qarşı tərəfin xətlərinə ucuz təyyarələri avtopilota qoşaraq göndərməklə onların havadan müdafiə qurğularını aşkar edib zərərsizləşdirdilər.
Onun sözlərinə görə, bu, “PUA-ların hücumu ilə birgə düşmənin hava müdafiəsini müəyyən edib, hədəf almağın sərfəli yoludur.”
Proqnozlaşdırılan kimi döyüşməmək
Müəllifin sözlərinə görə, Tayvan ordusunun yüksək səviyyəli platformalarından assimetrik silahlara keçid etməsinə dair çox sayda tövsiyələr olunsa da, döyüşün necə aparıldığına dair düşüncələrin dəyişməsinə az diqqət ayrılıb.
Onun dediyinə görə, məhz elə bu yanaşma erməni qüvvələri üçün ciddi fəsadlarla müşayiət olundu. Müharibədən öncə azərbaycanlıların sabit "xəndək müharibəsində" döyüşməyə hazır olduqlarına dair gözləntilər altında ermənilər 1994-cü il müharibəsinin veteranlarından təlim alan və taxta silahlarla xəndəkdə müdafiə olunmağa hazırlanan könüllülər axını ilə müharibəyə qatıldı. Halbuki bu müharibənin ermənilərə 1994-cü ildə qələbə bəxş etmiş sovet-stilli cüzi mövqe yerdəyişmələri ilə müşayiət olunan ləng müharibəyə dəxli yox idi.
Müəllif deyir ki, Azərbaycan müasir və köhnə sistemlərdən innovativ şəkildə istifadə etdi və məharətlə qarşı tərəfin başlıca üstünlüyü olan quraşdırılmış istehkamları onların ölümcül zəifliyinə çevirdi.
Məhz bu səbəbdən Çen “avadanlıqdan daha mühüm həmin avadanlıqlardan istifadənin arxasındakı düşüncədir” deyə bildirir.
İdeyalar Arsenalı
Müəllif deyir ki, Tayvan bu yaxınlarda İdealyar Arsenalı - yəni təşkilatçılıq və texnologiyadan istifadə edərək COVID-19 və Pekinin dezinformasiya kampaniyaları kimi bir sıra təhlükələri dəf edə bilib. Tayvan ayaqda qalmaq üçün və ondan daha böyük silah gücünə sahib rəqib zərərsizləşdirmək məqsədilə müntəzəm olaraq bu İdeyalar Arsenalından istifadə etməlidir. Bu baxımdan Erik Çanın anlamında müharibənin yekun dərsi Britaniya Hava Qüvvələrinə məxsus və son hərbi qarşıdurmada özünü büruzə verən "cəsarət göstərən qalib gəlir" devizidir.