Accessibility links

Tayvan prezidenti suverenlik və demokratiyanı müdafiə etməyi vəd edir


Tayvan Prezidenti Tsai İnq-ven bazar günü edəcəyi böyük çıxışda adanın suverenliyi və demokratiyasını qorumağı vəd edəcək və Çinlə gərginliyin artması fonunda adanın daha mürəkkəb və ciddi problemlərlə üzləşdiyini bildirəcək.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi demokratik Tayvan Pekin tərəfindən artan hərbi və siyasi təzyiqlə üzləşir. Belə ki, Çinin hava qüvvələri bu ay dörd gün boyunca Tayvanın hava hücumundan müdafiə zonasına kütləvi şəkildə müdaxilə edib.

Tsainin bazar günü edəcəyi çıxışının xülasəsinə əsasən, o, Tayvanın demokratiyanı qorumaq üçün ön cəbhədə olduğunu və misli görünməmiş mürəkkəb və ciddi çətinliklərlə üzləşdiyini bildirəcək.

Tsai Tayvanın özünü və regional sülh və sabitliyi müdafiə etmək qətiyyətini təkrar edəcək və həmçinin Tayvanın “tələm-tələsik irəliləməyəcəyini” vurğulayaq.

Lakin o deyəcək ki, Tayvanın suverenliyi məsələsinə gəldikdə, o, geri addım atmayacaq.

Şənbə günü Pekində çıxış edən Çin Prezidenti Şi Tsinpin Tayvanla “dinc birləşmə”ni həyata keçirməyi vəd edib, amma birbaşa olaraq ada ilə bir həftə davam edən və beynəlxalq narahatlıqlara səbəb olan gərginlikdən sonra gücdən istifadə məsələsinə toxunmayıb.

Tayvan Şinin çıxışına qəzəbli cavab verərək Çinin zorakı taktikalarını tənqid edib və bildirib ki, yalnız Tayvan xalqı öz gələcəyi ilə bağlı qərar vermək hüququna sahibdir.

Çin ötən il Pekinə qarşı müqavimət göstərmək vədi ilə böyük səs fərqi ilə yenidən seçilən Tsainlə danışmağı rədd edir, çünki onun separatçı olduğuna inanır.

O, Tayvanın müdafiəsini gücləndirməyi administrasiyasının təməl daşı elan edib.

Tsai şənbə gününü Tayvanın şimalında Hsinçu hava bazasında keçirib. Orada o, silahlı qüvvələrinə adanı müdafiə etmək səylərinə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG