Accessibility links

Tbilisidə həbs olunan Nika Meliaya dəstək aksiyası keçirilir


Tbilisidə Birləşmiş Milli Hərəkat (BMM) müxalifət partiyasının həbs olunmuş lideri Nika Meliaya dəstək mitinq keçirilir.

Verilən məlumatlara görə, Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb, polis aksiyaya müdaxilə etmir.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının Gürcüstan hökumət administrasiyası binasının qarşısından Rustaveli prospektinə yerləşdiyi bildirilir. Onlar Parlament binasının qarşısında böyük bir çadır qurublar. “Exo Kavkaz” xəbər verir ki, müxalifət nümayəndələri Tbilisinin mərkəzindəki etirazların daimi olacağını deyir.

Fevralın 23-ü səhər polis işçiləri Nika Melianın olduğu otağa basqın ediblər. Polis bibər qazı da daxil olmaqla, xüsusi vasitələrdən istifadə edib, Melia nəzarət altına alınıb.

Birləşmiş Milli Hərəkat partiyasını sədri Nika Melia 2019-cu il iyunun 20-də iğtişaşları təşkil etmək və rəhbərlik etməkdə günahlandırılır. Bundan əvvəl ölkənin ən böyük müxalifət partiyasının lideri haqda girov məbləğini ödəməkdən imtina etmək əsas gətirilərək, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, parlament isə onun deputat toxunulmazlığını aradan qaldırıb.

Fevralın 18-də Giorgi Qaxaria baş nazir vəzifəsindən istefa verib. O, Nika Meliaya qarşı məhkəmə qərarının icrası ilə bağlı hakim qrupla fikir ayrılıqlarından danışıb.

Bazar ertəsi axşam parlament İrakli Qaribaşvilini baş nazir olaraq təsdiqləyib. O, Nika Melianı "cinayətkar" adlandırıb və ona qarşı məhkəmə qərarının icra olunduğunu bildirib.

Fevralın 26-da Tbilisidə Nika Melianın azadlığa buraxılması tələbi ilə müxalifətin böyük yürüşü planlaşdırılır.

Şərhlərə bax

XS
SM
MD
LG